VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidənqurulması işləri həyata keçirilir.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ümumi uzunluğu 1050 metr olacaq küçənin 600 metrlik hissəsində qazma-dolma və torpaq işləri görülür.


Əsaslı yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının əsası tikilir. Xaqani Rüstəmov küçəsinidə yol geyiminin qalınlığı 79 sm olması nəzərdə tutulub. Bundan 27 sm əhəngdaşı, 25 sm qum-çınqıl və 27 sm asfalt-beton örtükdür.


Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC küçənin əsaslı yenidənqurulması işlərini kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla birgə aparır. Birgə görülən kompleks tədbirlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.


Qeyd edək ki, Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçə 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Xaqani Rüstəmov küçəsinin eni 45 m, ayrıcı zolağın eni 3 m, səkinin eninin isə bəzi yerlərdə 4,5 m olması nəzərdə tutulub.


Xaqani Rüstəmov küçəsi qərbdən paytaxtın "Yaşıl ada" adlanan müasir mərkəzi ərazisini əhatə edir. Bu küçənin abadlaşdırılması ərazinin ilk sakinlərinin rahat yaşamasına yardım edəcək, həmçinin onların "Bakı Ağ Şəhər"in daxilində və xaricində ayrı-ayrı obyektlərə asan çıxışını təmin edəcək.


"Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Xaqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçələrinin kəsişmələrində  yeraltı piyada keçidlərinin tikintisi işləri də aparılır. 2 ədəd keçidin hər birinin uzunluğu 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 ədəd eskalatorla təmin olunacaq.


Ümumilikdə"Bakı Ağ Şəhər" ("Baku White City") layihəsinə uyğun olaraq 27,3 km yeni avtomobil yolu tikilməlidir. Şəhər əhəmiyyətli küçələrin 2-6-8 hərəkət zolaqlı olması planlaşdırılır. Yollarda hərəkət zolaqların eninin 3,5 m, ayrıcı zolağın eninin 2-4 m, yol örtüyünün isə polimer asfalt-beton olması nəzərdə tutulub.

Ziya Səccad
BAKU.WS