VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Prezidentin fərmanına əsasən, vətəndaşlar 10 min manata qədər olan məhsulları xarici ölkədən alaraq ölkəyə gömrük rüsumu ödəmədən gətirə biləcək. Bu isə imkan verəcək ki, vətəndaşlar öz ehtiyacları olan məhsulları xarici ölkələrdən daha ucuz qiymətə alıb gətirə bilsin".
 
Bunu BAKU.WS-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov söyləyib. Mütəxəssis dövlət başçısının Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərmanın vətəndaşlar üçün böyük üstünlüklər yaradacağını qeyd edib.
 
"Vətəndaşa daha ucuz qiymətə mal almaq imkanı yaranacaq. Əhali pulunu qənaət edəcək və seçim imkanları artacaq. Məzələn, qonşu Türkiyə və Gürcüstandan məhsul alarkən əvvəllər rüsum ödənilirdisə, indi vətəndaş bu rüsumdan azad olacaq. Bu fərman ölkədə qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Azərbaycanda xarici ölkələrə nisbətdə qiymətlərin baha olması vətəndaşı ölkə xaricinə yönəldəcək. Nəticə etibar ilə ölkədə yerli qiymətlərin tənzimlənməsinə zərurət yaranacaq və aşağı salınacaq".
 
V.Bayramovun sözlərinə görə, gömrük rüsumundan azad olunacaq malların siyahısı Nazirlər Kabineti tərəfindən hazırlanacaq. Siyahı açıqlandıqdan sonra hansı məhsulların ölkəyə rüsumsuz gətirilməsinə icazə verildiyi məlum olacaq: "Güman edilir ki, daha çox satış üçün olmayan və şəxsi istehlak üçün nəzərdə tutulan əksər məhsullar rüsumdan azad olacaq. Məsələn, vətəndaş xarici ölkədən dəyəri 10 min manatdan çox olmamaq şərti ilə 1 ədəd televizor, 1 ədəd telefon və 1 ədəd kondisioner alıb ölkəyə gömrük rüsumu ödəmədən gətirə biləcək", - deyə V.Bayramov söyləyib.
 
Xatırladaq ki, dövlət başçısı Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb. 
Fərmanda deyilir: "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir".
 
Şahin Həbibov
BAKU.WS