SİZİN REKLAM BURADA!
055 213 76 73


Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko və 40-a yaxın şirkətin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

İZİA-dan BAKU.WS-ə verilən məlumata görə, qonaqları salamlayan Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı keçirilib.

Qeyd edilib ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan müttəfiqlik münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə “Avto Lizinq Azərbaycan” MMC adlı birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.

Görüşdə Tatarıstanda yerləşən “Alabuqa” Xüsusi İqtisadi Zonası və Ximqrad Texnopolis ilə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib, Tatarıstanlı iş adamları sənaye zonalarında yaradılmış imkanlardan yararlanmağa, birgə layihələr həyata keçirməyə dəvət edilib.

Sonda qonaqlar İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə, həmçinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin tərkibində fəaliyyət göstərən “SOCAR-STP”-nin Ağır maşınqayırma və Dəqiq mexaniki emal zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.

BAKU.WS
QALEREYA