VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukraynada baş verən müharibə və quraqlıq səbəbindən unun qiymətində müəyyən bahalaşmalar gözlənilir. Bunu yaxın günlərdə piştaxtalarda da hiss edəcəyik. Sentyabrda bunun təsirini görəcəyik".

BAKU.WS xəbər verir ki, bunu unun qiymətinin bahalaşacağı xəbərləri ilə bağlı “oxu.az”a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimli deyib.

Xatırladaq ki, Ukrayna və Rusiya müharibəsi səbəbindən bir çox ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bütün dünyada baş verən qlobal inflyasiya Ukraynadakı müharibə ilə əlaqələndirilir.

Bahalaşma ölkəmizdən də yan keçməyib. Ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu azmış kimi, un məhsullarının qiymətinin yaxın günlərdə artacağı ilə bağlı məlumatlar dolaşır. Xüsusən də unun qiymətinin qalxacağı bildirilib.

Bəs görəsən, bu informasiyalar nə dərəcədə həqiqəti əks etdirir?

İqtisadçının sözlərinə görə, müharibə taxıl ehtiyatına öz mənfi təsirini göstərib:

"Dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında hazırda müharibə var. Rusiyaya tətbiq olunan sanksiyalar, embarqolar, eyni zamanda Ukraynanın öz məhsulunu ölkədən çıxara bilməməsi problemi də var idi.

Artıq Ukrayna dəniz ölkəsi deyil. Ukraynanın Qara dənizdəki bütün portları, limanları Rusiyanın nəzarəti altındadır. Taxıl kalidoru ilə bağlı İstanbulda imzalanan müqavilə əsnasında Ukraynadan gələn taxıl Türkiyə vasitəsilə dünya bazarına çıxarılacaq. Bu, dənli bitkilərdən, taxıl və buğdadan əldə olunan məhsulların qiymətinə nisbətən təsir göstərəcək".

A.İbrahimli qeyd edib ki, sentyabr ayında piştaxtalarda qiymət artımının şahidi olacağıq:

"Un və un məhsullarının qiymətində sentyabr ayında artım gözlənilir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov isə əlavə edib ki, dünyada gedən proseslər Azərbaycanın taxıl bazarına da öz təsirini göstərir:

"Məlumdur ki, ümumən taxıl məhsulları ilə bağlı dünya bazarlarında qiymət artımları mövcuddur. Rusiya Ukrayna müharibəsi və digər geosiyasi proseslər bu amillərə təsir edir. Taxıl ehtiyatları üçün Azərbaycan hökuməti müvafiq addımlar atır. 70 faizdən çox taxılı idxal edirik. İdxalımızın 95 faizini Rusiyadan alırıq.

Bu proseslər müəyyən dərəcədə önəmli şəkildə köməklik göstərəcək. Digər tərəfdən biz taxılı idxal edirik. Ona görə dünya bazarında gedən proseslər Azərbaycanın taxıl bazarına da öz təsirini göstərir. Azərbaycanda taxıl və un məhsullarının qiymətində kəskin bahalaşmanın qarşısının alınması üçün müvafiq tədbirləri həyata keçirir. İdxaldan asılı olduğumuz üçün dünya bazarında qiymətlər bizim bazara da təsir edir. Maksimum çalışır ki, vətəndaşlarımız üçün qiymətlər əlçatan olsun".

BAKU.WS