VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə, Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə həmin məntəqənin 3 nəfər aparıcı müfəttişi vəzifələrindən azad edilib, 6 nəfər rayonlararası bitkilərin karantini məntəqəsinin müdirinə və 3 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə töhmət verilib, 10 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə isə xəbərdarlıq edilib.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyində keçirilən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 2016-cı ilin birinci yarısında fəalliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyilib.

Kollegiya iclasını giriş sözü ilə açan kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, bu il iyul ayının 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında aqrar sahədə institusional islahatların davam etdirilməsi ilə yanaşı ölkə əhalisinin kənd təsərrüfatıı məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi bir vəzifə kimi qarşıya qoyulub.

Nazir dövlət başçısı tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində, o cümlədən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən də görülməli olan işlər barədə danışaraq, ölkədə fitosanitar sabitliyin qorunması, karantin tətbiq edilən zərərli orqanizimlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə genişmiqyaslı təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Bildirilib ki, fitosanitar nəzarətin yeni modelinin formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə büdcədənkənar daxilolmalar 1732,0 min manat təşkil etmişdir ki, bu da 2015-ci ildə daxil olmuş vəsaitdən 1,7 dəfə, 2007-2013 cü illərdə ümumilikdə daxil olmuş vəsaitdən isə 1,3 dəfə çoxdur.

2016-cı ilin ötən altı ayı ərzində Dövlət Xidmətinin yerli qurumları tərəfindən bitkiçilik məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 9 halda karantin tətbiq edilən zərərli orqanizimlər və 78 halda nizamlanan zərərli orqanizimlər aşkar edilmiş, zərərli orqanizimlər müəyyən edildiyinə görə 48 ton kartof ixracatçı ölkəyə geri qaytarılmış, 971 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra istifadəsinə icazə verilmiş, təxminən 97 min ton yük, 1 mln 470 min m3 taxta materialı, obyekt və boş anbar sahəsi zərərsizləşdirilmiş, 90 tona yaxın məhsul dövriyyədən çıxarılaraq məhv edilmişdir (2004-2014-cü illərdə Dövlət Xidmətinin qurumları tərəfindən məhv edilən bitkiçilik məhsullarının ümumi çəkisi cəmi 2,5 ton olmuşdur).

Respublika ərazisində ilk dəfə 2014-cü ildən başlayaraq karantin tətbiq edilən zərərli orqanizimlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartın tələbinə uyğun hazırlanmış təcrid və ləğvedici tədbirlər üzrə milli proqramlar uğurla davam etdirilir. Təkcə kartof güvəsinə qarşı respublikanın qərb və cənub bölgələrində həyata keçirilən təcrid və ləğvedici tədbirlər nəticəsində kartof güvəsinin vurduğu itkinin miqdarı 90%-ə qədər azalmışdır. Ultrakiçik həcmli və digər müasir çiləyici aqreqatların hesabına pestisidlərlə işləmələrin texnoloji prosesi təkmilləşdirilmiş, mübarizə tədbirlərinin səmərəliliyi və gündəlik iş həcmi dəfələrlə artmışdır. İnsan sağlamlığının, flora və faunanın qorunması sahəsində bütün mübarizə üsullarının (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir tədbirlər genişləndirilmiş, Şəki-Zaqatala bölgəsində taxıl sahələrinin, Gəncə-Qazax bölgəsində üzüm bağlarının və kartof sahələrinin inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq, fermerlərə və torpaq mülkiyyətçilərinə təqdim edilmişdir.

Bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.

Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq 2015-ci ildə qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafizəsi sahəsində iqtisadi və sosial səmərənin təmin edilməsi üçün Dövlət Xidmətinin Abşeron rayonlararası Bioloji laboratoriyasında trixoqrammanın istehsalı bərpa edilmişdir. İmişli rayonunda fəaliyyət göstərən "MKT İK" MMC-yə məxsus 300 hektar əkin sahəsində isə bioloji mübarizənin tətbiqi uğurla həyata keçirilmiş, pestisidlərin tətbiqindən tam imtina edilmiş, nəticədə məhsulun maya dəyərinin azaldılması ilə yanaşı aqrobiosenozlarda mövcud olan "bitki-fitofaq-entomofaq" sistemi qorunub saxlanılmışdır.

Cari ildə də bioloji mübarizə tədbirləri davam etdirilir.

Kollegiya iclasında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ayrı-ayrı qurumlarının fəaliyyətində yol verilmiş nöqsanlar da geniş müzakirə olundu. Qeyd edildi ki, Bakı-Abşeron, Gəncə, Xaçmaz, Kürdəmir, Yevlax, Tovuz, Biləsuvar rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən fitosanitar tədbirlərinin aparılmasında ciddi nöqsanlara yol verilmiş, karantin nəzarətində olan yüklərə fitosanitar karantin baxışının keçirilməsi qaydaları pozulmuşdur. Məntəqələrin rəhbərləri mövcud nöqsanların aradan qaldırılmasını vaxtında təmin etməmiş və mənşəyi məlum olmayan kənd təsərrüfatı məhsullarının tranzitinə, eləcə də ölkə daxilində dövriyyəsinə məqsədyönlü şəkildə şərait yaratmışlar. Hətta bəzi hallarda sahibkarlara kömək adı ilə ayrı-ayrı işbazlarla əlbir olaraq onların qeyri-qanuni fəaliyyətlərinə də şərait yaratmağa cəhdlər göstərmişlər.

Dövlət Xidməti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində müşahidə olunan qanunsuz əməllərin qarşısı əksər hallarda alınsa da, nöqsanların tamamilə aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur.

Ağdam, Ağstafa, Ağcabədi, Ağdaş, Qazax, Bərdə, Goranboy, Lerik, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qəbələ, Siyəzən və Şəmkir rayonlarında bitki mühafizəsi tədbirlərinin və fitosanitar nəzarətin səviyyəsi aşağı olmuşdur. Bitki mühafizə mərkəzləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı uçot və müşahidə işlərinin müəyyən edilmiş metodikaya uyğun aparılmaması, zərərvericinin populyasiyası barədə dəqiq və vaxtında məlumatın verilməməsi, habelə mübarizə üsullarının düzgün təşkil edilməməsi tədbirlərin səmərəliliyini azaltmışdır.

Göstərilən rayonlarda xarab olmuş və əhalinin sağlamlığına təhlükə yarada bilən kənd təsərrüfatı məhsullarının aşkar edilib zərərsizləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmür.

Kollegiyada Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edildi.Kollegiyaya yekun vuran kənd təsərrüfatı naziri Heydər Əsədov Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, ölkədə fitosanitar vəziyyətin sabitliyinə nəzarətin gücləndirilməsi, kadr hazırlığının səviyyəsinin yaxşılaşdırılması, şəffaflığın və hesabatlılığın daha da artırılması məqsədi ilə konkret tapşırıqlar verib.
 
BAKU.WS