SİZİN REKLAM BURADA!
055 213 76 73



Ali Məhkəmənin bu gün baş tutan iclasında lisenziyaları ləğv edilən "Atrabank" və "Qafqaz İnkişaf Bank" ASC-lərin əleyhinə qərar qəbul edilib. 

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a bu barədə bank dairələrindən məlumat verilib.

Xatırladaq ki, lisenziyaları ləğv olunan "Atrabank" və "Qafqaz İnkişaf Bankı" konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışırdı. Bunun üçün onlar ilk növbədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib və məhkəmə bankların xeyrinə qərar verib.

Bundan sonra, AMB həmin qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi AMB-nin iddiasını təmin edib. Sonra isə banklar AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məhkəmə çəkişməsində olub.

AMB "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın lisenziyalarını bu il yanvarın 27-də ləğv edib və hər iki banka müvəqqəti inzibatçı təyin olunub. Qurum öz qərarını bankların məcmu kapitalla bağlı minimum tələbə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib.

Lisenziyalarının ləğvindən sonra banklar birləşmək haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə "Günaybank" ASC-nin də iştirakı gözlənilsə də, daha sonra "Günaybank" birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.
 
BAKU.WS