Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmirinin başa çatmasıyla bu gün ilk işçi qatarı Bakıdan Sumqayıta yola düşüb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, ilk işçi qatarı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur departamenti, sərnişindaşıma, rabitə-siqnalizasiya, elektrik-təchizatı departamentinin əməkdaşları yola düşüb.

İşçi qatarının yola düşməkdə məqsədi yola baxış keçirtmək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırmaqdır.

Qeyd edək ki, artıq Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda əsaslı təmir işləri başa çatıb və sentyabrın 15-də istifadəyə veriləcəyi gözlənilir. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 2015-ci il martın 3-də start verilib. Əsaslı təmir işlərini infrastruktur departamentinin iştirakı ilə "Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.  Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Ziya Səccad
BAKU.WS