Azərbaycan Türkiyə ilə gömrük sahəsində yeni sənədlər imzaladı - FOTO

Azərbaycan Türkiyə ilə gömrük sahəsində yeni sənədlər imzaladı - FOTO
Foto
İqtisadiyyat 65

Dövlət Gömrük Komitəsi ilə Türkiyə Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

Komitədən BAKU.WS-ə verilən məlumata görə, iclasda DGK sədri Səfər Mehdiyev, komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərləri, Türkiyə Ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Komitə sədri gömrük sistemində həyata keçirilən innovativ layihələrdən, potensialın və infrastrukturun gücləndirilməsi sahəsində atılan addımlardan bəhs edib və yeniliklərin tətbiqi zamanı Türkiyə təcrübəsindən faydalanıldığını da diqqətə çatdırıb.

R.T.Turaqay ticarət dövriyyəsinin artırılması, gömrük-sərhəd buraxılış məntəqələrinin işinin səmərəli təşkili, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı məsələlərdən bəhs edib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Daha sonra Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı ilə bağlı müzakirələr aparılıb.

Tədbirlər planında Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi, əqli və sənaye mülkiyyət hüquqlarının qorunması, gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq edilən prosedur və əməliyyatların sadələşdirilməsi və digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sonda "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı" imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyə Respublikası Ticarət nazirinin müavini Rıza Tuna Turaqay imzalayıblar.

Son xəbərlər