Macarıstan prezidenti istefa tələbinə rədd cavabı verdi
Macarıstan prezidenti Tamaş Şuyok yeni baş nazir Peter Madyarın istefa çağırışını rədd edib.
BAKU.WS xəbər verir ki, bu barədə prezident "Index.hu" saytına verdiyi müsahibədə bildirib.
Şuyok qeyd edib ki, onun vəzifədən getməsi üçün heç bir hüquqi və ya konstitusion əsas yoxdur.
"Yuxarıda deyilənlərdən aydın olur ki, hazırda mənim istefamı əsaslandıra biləcək heç bir hüquqi və ya konstitusion əsas mövcud deyil. Mən Konstitusiyaya və konstitusion quruluşun qorunmasına and içmişəm və bu and mənim üzərimdə bütün siyasi qüvvələrə qarşı öhdəlik yaradır", – deyə prezident bildirib.
Onun sözlərinə görə, baş nazir Peter Madyar onu erkən istefaya razı salmağa çalışsa da, o, vəzifəsini davam etdirəcəyini açıqlayıb. Prezident əlavə edib ki, tərəflər arasında əsas fikir ayrılığı prezidentlik institutunun səlahiyyətləri ilə bağlıdır.
"Burada aydın oldu ki, aramızdakı əsas fikir ayrılığı prezident vəzifəsinin konstitusion statusunun yenidən nəzərdən keçirilməsi tələbi ilə bağlıdır. Mən isə mövcud hüquqi çərçivə daxilində vəzifəmi icra edirəm", – Şuyok vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl baş nazir Peter Madyar prezident Şuyokdan istefa verməsini və ölkənin yenilənməsinə mane olmamasını tələb etmiş, həmçinin onu dövlət idarəçiliyində sui-istifadələrə göz yummaqda ittiham etmişdi.
Oxşar xəbərlər
8 ildir sahibi tapılmayan təyyarə 10 avroya hərraca çıxarıldı
İspaniyanın Sevilya hava limanında 2018-ci ildən bəri sahibsiz vəziyyətdə qalan təyyarə cəmi 10 avro başlanğıc qiyməti ilə açıq hərraca çıxarılıb. BAKU.WS xəbər...