İstanbul Valiliyi 2 oktyabr tarixində Səudiyyə Ərəbistanının Baş Konsulluğunda qətlə yetirilən "Washington Post"un yazarı Cemal Haşoqqinin nişanlısı Hatice Cengiz barəsində qoruma qərarı çıxarıb.

BAKU.WS 
Türkiyə KİV-ə istinadən xəbər verir ki, H.Cengizin həyatı 24 saat mühafizə olunacaq.


Qeyd edək ki, xarici media Haşoqqinin konsulluqda necə öldürüldüyü barədə dəhşətli təfərrüatları açıqlayıb. Bu təfərrüatlara əsasən jurnalist sənəd almaq üçün konsulluğa girən kimi xüsusi olaraq Ər-Riyaddan göndərilmiş cəllad qrupu ona hücum çəkib. Jurnalisti konsul Muhammed əl-Üteybinin otağına apararaq orada işgəncə ilə öldürüblər. Qrupda yer alan patoloji anotomiya mütəxəssisi Haşoqqinin cəsədini 15 dəqiqə ərzində doğrayıb. Ehtimal edilir ki, cəsəd parçaları diplomatik nömrə nişanlı avtomobillə konsulluqdan çıxarılıb və naməlum istiqamətə aparılıb.


“The Wall Street Journal” qəzeti yazır ki, jurnalistin işgəncə ilə öldürülməsi Səudiyyə Ərəbistanından həmin gün iki “Gulfstream” təyyarəsi ilə İstanbula gələn xüsusi cəlladlar və xüsusi xidmət əməkdaşları tərəfindən konsul Muhammed əl-Üteybinin gözləri qarşısında həyata keçirilib.


Türkiyə tərəfi Haşoqqinin konsulluq binasında necə işgəncəyə məruz qaldığına və öldürüldüyünə dəlalət edən səs yazısına malikdir. “Səudiyyədən gələn cəlladlar qrupu Haşoqqinin konsul əl-Uteybinin gözləri önündə əvvəlcə döyüb, işgəncə verib, daha sonra dərman verərək yatırdıb və elektrikli mişarla doğrayıb”-qəzet adının açıqlanmasını istəməyən türk rəsmilərə istinadən yazır.


Səudiyyəli jurnalist konsulluğun binasına daxil olandan sonra cəmi bir neçə dəqiqə sonra öldürülüb, əvvəl təxmin edildiyi kimi, Haşoqqi dindirməyiblər.


Türkiyə tərəfi Haşoqqinin necə öldürüldüyünü və cəsədinin mişarla doğrandığını əks etdirən səs yazılarını Səudiyyə Ərəbistanı tərəfinə, habelə ABŞ rəsmilərinə təqdim ediblər. Bu dəlillərə etiraz edən olmayıb.


Qəzet yazır ki, həmin səs yazısında cəlladlardan birinin konsul Muhammed əl-Üteybidən otağı tərk etməyi istədiyi eşidilir. Türkiyə mütəxəssisləri səs yazısını analiz edərək bu şəxsin Səudiyyə Ərəbistanından gələn patoloji anotomiya mütəxəssisi Salih əl-Tubaygi olduğunu müəyyən ediblər. Əl-Tubaygi jurnalistin cəsədini parçalayarkən ətrafdakılara yüksək səslə musiqi dinləməyi tapşırıb.


Bu arada Türkiyənin hakimiyyətyönlü "Yeni Şafak" qəzeti hətta həmin səs yazısından bəzi detallar dərc edib. Qəzetin yazdığına görə konsul əl-Üteybi Səudiyyə Ərəbistanından gələn cəllad qrupunun jurnalistə işgəncə verdiyi vaxt belə deyib: "Bu işi kənarda görün, mənim başıma bəla açacaqsınız".


Qrupdan biri isə konsula otaqdan çıxmağı əmr edir: "Səudiyyə Ərəbistanına geri qayıdanda yaşamaq istəyirsənsə səsini kəs, sus".


Türkiyə tərəfi jurnalistin öldürülməsində Səudiyyə Ərəbistanı şahzadəsi, faktiki olaraq hakimiyyətə rəhbərlik edən Muhammed bin Salmandan şübhələnir. Çünki cinayətdə əli olanların vəliəhdlə yaxın əlaqələri var. Hadisəni araşdıran türk kriminalistlər və müstəntiqlər oktyabrı 2-də, jurnalistin sənəd almaq üçün konsulluğa getməsindən bir neçə saat əvvəl İstanbula gələn iki səudiyyəli qrup üzərində dayanıb.


Həmin qrupu gətirən və oktyabrın 2-də Ər-Riyada geri dönən “Gulfstream” təyyarələri “Sky Prime Aviation Services Ltd” adlı şirkətə məxsusdur. Səudiyyə vəliəhdi ötən il hakim ailənin üzvlərinə qarşı başlatdığı antikorrupsiya həbsləri zamanı bu şirkəti də müsadirə etmişdi. “Türkiyəli rəsmilər deyirlər ki, təyyarələrlə gələnlər arasında Velid Abdullah Əl-Şəhri və Thaar Qalib əl-Hərbi adlı şəxslər də var. Onlardan birincisinin Səudiyyə Ərəbistanın hərbi hava qüvvələrində general olduğu bildirilir. Türkiyəli rəsmilər isə bu adamın patoloji anotomiya mütəxəssisi olduğunu deyir”-qəzet yazır.


Qətərin “Əl-Cəzirə” kanalı daHaşoqqinin konsulluqda necə öldürülməsi barədə bəzi detallar açıqlayır. Bildirilir ki, jurnalistin cəsədinin parçalara ayrılması 7 dəqiqə vaxt aparıb və bu işi patoloji anotomiya mütəxəssisi Salah Mohammed əl-Tubaygi həyata keçirib.


Səudiyyə Ərəbistanı nəhayət ki, jurnalist Camal Haşoqqinin İstanbuldakı konsulluqda qətlə yetirildiyini etiraf edib. Səudiyyə Ərəbistanı Baş Prokurorluğun apardığı təhqiqat nəticəsində Camal Haşoqqi İstanbul baş konsulluğuna girərkən orada olan digər Səudiyyə vətəndaşları ilə mübahisə etməyə başlayıb. Mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə Haşoqqi həyatını itirib. Hadisə ilə bağlı 18 səudiyyəli saxlanılıb və qətl hadisəsində məsuliyyət daşıyan hər kəs cəzasını alacaq. Lakin açıqlamada Camal Haşoginin cəsədinin taleyi barədə məlumat verilmir.


BAKU.WS