SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan parlamentinin binası qarşısında etirazçılar hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb ediblər.

“Report” xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Etirazçılar bildirirlər ki, “bu hakimiyyət Gürcüstanı Avropa istiqamətində apara bilmir”. Nümayişlərdə Rusiya əleyhinə şüarlar da səsləndirilir.

Tbilisinin mərkəzində çoxlu sayda etirazçı hökumətin istefasını tələb edir. Bununla yanaşı, müxalifət nümayəndələri hakimiyyət Avropa kursuna sadiqliklərini təsdiqləməyincə etirazların dayanmayacağını elan ediblər.

Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma baş verib. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb, həmçinin barrikadalar qurub.

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.

BAKU.WS