SİZİN REKLAM BURADA!
055 213 76 73


İran Ukraynaya qarşı müharibədə istifadə edilən silahları Rusiyaya tədarük etməklə özünü daha dərin sanksiya bataqlığına salır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu aralar bazarda Rusiya qazını əvəz etmək məqsədilə İran mavi yanacağının alınması üçün sanksiyaların mümkün yumşaldılması ilə bağlı bütün müzakirələr səngiyib. Buna səbəb ABŞ, Böyük Britaniya və Avropa İttifaqının (Aİ) Rusiyaya silah tədarükü ilə bağlı vəziyyəti öyrənməyə və İrana qarşı yeni sanksiyaları müzakirə etməyə çağırış etməsi olub. Artıq bəzi tədbirlər də görülüb. Belə ki, “Şahed-136” pilotsuz uçuş aparatlarını istehsal edən şirkətə və üç iranlı generala qarşı sanksiyalar hazırlanır.

Atlantik Şuranın böyük elmi işçisi, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Report”a bildirib ki, ABŞ İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi yolu ilə gedəcək:

“Güman edirəm ki, həm Rusiyaya silah tədarükü, həm də İran rejiminin, gənc qızın “hicabı düzgün taxmama” səbəbilə əxlaq polisi tərəfindən öldürülməsindən sonra küçələrə çıxan etirazçıları təqib etməsinə görə ABŞ, çox güman, İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək”.

“New York Times” qəzetinin yazdığına görə, ABŞ artıq sanksiyalar tətbiq etmək niyyətini açıqlayıb, Dövlət Departamenti isə bunu tərəddüdsüz etməyə hazır olduğunu bildirib.

Rəsmi Moskva Ukraynada İran istehsalı olan dronlardan istifadə etdiyini inkar edir. Rusiya Xarici İşlər Nazirliyi Qərbin Tehrana “təzyiq” etmək istədiyini bəyan edib. Lakin bu günlərdə internetə Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Ruslan Puxovun videosu yayılıb. O videoda deyir: “Gəlin gəmini çox yelləməyək, ona görə də sizdən bu İran məhsulları ilə bağlı artıq dərəcədə xahiş edirəm... Hamımız bilirik ki, onlar İranındır, sadəcə, hökumət bunu rədd edir”.

Mətbuata inansaq, İran Rusiyaya çoxsaylı pilotsuz uçuş aparatından əlavə, “yer-yer” tipli raketlər də verəcəyini vəd edib. Üstəlik, İran tərəfi ittihamları rədd edir və Rusiya ilə hərbi əməkdaşlığı BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli qətnaməsinə zidd hesab etmir.
“Onlardan harada istifadə edilməsi satıcının problemi deyil. Qərbdən fərqli olaraq biz Ukrayna böhranında heç bir tərəfi dəstəkləmirik. Biz böhrana diplomatik yollarla son qoyulmasını istəyirik”, - adı açıqlanmayan iranlı diplomatdan sitat gətirilib.

M.Brayzanın sözlərinə görə, İran sanksiyalara baxmayaraq, raketlər, pilotsuz uçuş aparatları istehsal edir, uranın zənginləşdirilməsi prosesini davam etdirir və silah potensialına malikdir:

“Rusiyaya tədarük edilən İran silahları Ukraynanın mülki infrastrukturuna, xüsusən də enerji obyektlərinə ciddi ziyan vurmaq iqtidarındadır. Lakin görünür, onların zəif nöqtələri də var, çünki ukraynalılar İran dronlarının yarısını vurublar”.

Hər dəfə hamının İrana dünya birliyinə yenidən inteqrasiya etmək üçün yeni şans verməyə hazır olduğunu düşündüyü bir zamanda, bu ölkənin hökuməti növbəti addımları ilə dünyanı şoka salır. Dünya qadın hüquqları uğrunda mübarizə, ətraf mühit və Ukraynada müharibəni dayandırmaq məsələləri üzərində baş sındırdığı bir vaxtda İran hansısa yolla bu fundamental prinsipləri pozaraq özünü daha da dərin sanksiya bataqlığına salır.

BAKU.WS