“Cinsi yetkinlik yaşlarında oğlanlara nisbətən qızlarda dağınıq sklerozla bağlı risk 2-3 dəfə artıq olur. Bu xəstəliyə 3-5 faiz halda uşaq yaşlarında rast gəlinir”.

BAKU.WS
  virtualaz.org xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti, professor Rəna Şirəliyeva “Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda bu gün keçirilən konfransda bildirib.


R.Şirəliyeva söyləyib ki, əgər qohumlar arasında 1-ci dərəcəli dağınıq sklerozlu xəstələr varsa, bu, uşaqlarda riski 2-4 faiz artırır. “Uşaqlarda bu xəstəlik daha kəskin və aqressiv başlayır. Lakin uşaqlarda böyüklərə nisbətən remissiyaya daha tez çatırlar. Belə ki, uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi ola bilirsə, böyüklərdə bu müddət 8 həftəyə kimi arta bilər. Uşaqlar böyüklərə nisbətdə orta və ağır əlilliyə daha tez uğrayırlar”, - Şirəliyeva deyib. Onun sözlərinə görə, dağınıq skleroz xəstəliyi daim diqqət mərkəzindədir və ciddi diaqnostik çətinliklər yaradır. “Dünyada il ərzində 110 xəstədə dağınıq skleroz aşkarlanır ki, onlara lazım olmayan dərmanlar verilir. Bu da xəstəliyi düzgün müalicə etməsinə maneədir. Siqaret çəkmək və vitamin C çatışmazlığı yüksək risk faktoru kimi qiymətləndirilir. Qəbul edilən dərmanlar əsasən xəstəliyin gedişinə təsir edir və ağırlaşma, eləcə də kəskinləşmənin qarşısını ala bilir”, - Şirəliyeva qeyd edib


Konfransda uşaqlarda irsi xəstəliklərin diaqnostika və müalicəsi, epileptologiya, genetik diaqnostika və nevrologiyanın digər aktual məsələləri müzakirə olunub.



R.Şirəliyeva qeyd edib ki, Nevroloqların Milli Assosiasiyası mütəmadi olaraq sinir sisteminin aktual problemlərini əhatə edən mövzularda konfranslar keçirir və tədbirlərin əksəriyyəti beynəlxalq mütəxəssislərin iştirakı ilə təşkil edilib.


Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə deyib ki, ana və uşaqların sağlamlığının mühafizəsi dövlətin, eləcə də nazirliyin daim diqqətindədir. “Uşaqların icbari dispanserizasiyası” qanunu da bunun nümunəsidir. 2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzisasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir. Baş pediatr əlavə edib ki, 2 milyon 700 min uşaq il ərzində dövlət hesabına müayinələrə cəlb edilib. “Uşaqlarda nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir. Əgər yenidoğulma və uşaqlıq dövrlərində rast gəlinən bir sıra nevroloji xəstəliklər vaxtında müalicə olunarsa, həm müsbət nəticə əldə etmək mümkün olar, həm də əlilliyin inkişafının qarşısı alınar. Körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın”, - baş pediatr bildirib.


Nevroloqların Milli Assosiasiyasının vitse-prezidenti Aytən Məmmədbəyli isə deyib ki, son illər ərzində ölkədə yarımçıq və az çəkili doğulan körpələrin həyatda qalma faizinin artması, gələcəkdə onlar arasında nevroloji xəstəliklərin çoxalması ehtimalını yüksəldir. Çünki onlarda sinir sistemi tam formalaşmır. Buna görə də həmin körpələrdə xəstəliklərin vaxtında aşkar edilməsi üçün həkimə müraciət olunmalıdır: “Vaxtında dünyaya gələn körpələrdə sonrakı müddətdə sinir sistemi ilə bağlı xəstəliklərin aşkar olunması isə antenatal (hamiləlik) dövrdə olan zədələrlə əlaqəlidir. Bura ananın həm somatik statusunda problemlər, həm də bətndaxili infeksiyalar aiddir. Uşaqlar arasında daha çox beyindaxili qan sızmaları və mədəciklərin böyüməsindən sonra sinir sistemi xəstəlikləri özünü büruzə verir. Biz bu uşaqların müalicəsi üçün bütün şərait var”.


Konfransda həmçinin Qazaxıstan Respublikasından dəvət olunmuş mütəxəssislər – Qazaxıstan Milli Tibb Universitetinin sinir xəstəlikləri kafedrasının professoru Q.A.Muxambetova, Ana və uşaqların qorunması müəssisəsinin nadir xəstəliklər mərkəzinin mütəxəssisləri N.A.Piçkur və N.V.Samonenko da çıxış ediblər.


BAKU.WS