SİZİN REKLAM BURADA!
055 213 76 73


Son dönəmlər Autizm diaqnozu ilə sıx rastlaşırıq.

Bəs bunun səbəbi nədir və haradan qaynaqlanır?

Bu və digər vacib məqamları valideynlər mütləq şəkildə bilməlidir. Uşaq nevroloqu Rima İbadova BAKU.WS-ə açıqlamasında bildirib ki, autistik spektr pozuntusu bir inkişaf pozğunluğu olub əsasən ünsiyyət və sosial münasibətdə problemlərə səbəb olmaqdadır.

“Səbəbi tam öyrənilə bilməsə də genetik meyl əsas faktorlar arasındadır. Əlbəttə çevrəsəl faktorlar da önəm daşıyır. Xüsusən son dönəm artmış texnologiya( monitor) erkən istifadəsi əsas səbəblər arasındadır. Ananın hamiləlikdə stressə məruziyyəti, qidalanma və.s səbəblər arasında sadalanır”, - deyə mütəxəssis bildirib.

Həkim valideynlərin bəzi məsələlərdə mütləq diqqətli olmalarını bildirir:

“Əgər uşaq 6 ayında valideyinlə emosional bağ qurmursa (gülümsəmə, izləmə), 9 ayında mimik ifadələri yoxdursa, 12 ayadək babıldama yoxdursa, adına reaksiya vermirsə, bəsit əmrləri yerinə yetirmirsə, barmaq işarəsi yoxdursa, 16 ayında tək-tək sözləri yoxdursa bu zaman mütəxəssisə müraciət etmək lazımdır. Steretopik - təkrarlayıcı hərəkətlər, bir oyuncaqla davamlı oynama, obsesiyaların olması, qida seçiciliyi və. s əlamətlər izlənə bilər. Nadir reqresiya göstərən formalarda valideyinlər əlamətləri 12-18 aydan hiss edə bilərlər”.

Rima İbadova deyir ki, əgər körpələrdə bu əlamətlər hiss edilirsə, valideyn mütləq həkimə müraciət etməlidir.

Həkim deyir ki, ASP (autistik spektr pozuntusunda) erkən diaqnoz çox önəmlidir:

“Çünki problemin konkret bir dərman müalicəsi olmasa da, ailənin doğru maarifləndirilməsi, erkən intensiv psixo-pedaqoji təlim çox zaman müsbət nəticə verir. Bəzən ASP paralelində əhval ruhiyyədə, davranışda, diqqətdə, yuxuda və. s olan problemləri isə dərmanla korreksiya etmək mümkün olur. Eyni zamanda ASP ilə qarışa bilən metobolik, genetik, epileptik və. s problemlər mütləq differensial diaqnostikada nəzərə alınmalıdır.
Valideyinlər şübhəli əlamətlər hiss edərsə mütəxəssisə mümkün qədər erkən müraciət etmələri tövsiyyə olunur. Əgər problemin paralelində mental gerilik yoxdursa erkən müdaxilə çox zaman həmin uşaqların cəmiyyətə normal inteqrasiyasına kömək edir”.

Ziya SƏCCAD
BAKU.WS