VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Uşağın qızdırması varsa, iştahadan düşübsə, həkimin yazdığı dərman təsir etmirsə, bu halda Azərbaycan vətəndaşının bəzən çöpçüyə üz tutmaqdan savayı başqa yolu qalmır. Özünü çöpçü adlandıran bu peşə sahibləri uşağın tənəffüs yolunda ilişib qalan kənar cismləri sadə yolla, buruna üfürməklə xaric edirlər. Valideynlər belə prosedurdan sonra qızdırmanın yoxa çıxdığını, uşağın normal vəziyyətə qayıtdığını bildirirlər. Texnologiya dövründə yaşayan insanın həkimin yox, çöpçünün yanına getməsi, əslində, təəccüb doğurur.

BAKU.WS
 xəbər verir ki, bu barədə axar.az-a danışan psixoloq Taryel Faziloğlu problemin kökündə 3 əsas meyarın olduğunu deyib.

"Birinci meyar mental psixologiyaya bağlıdır. Adət-ənənədə olan inancların özünüqoruma instinkti var. Çöpçü yanına getmək pirə, ocağa, daşa inanmaq kimidir.

İkincisi, kütlə psixologiyasına söykənən sosial meyardır. İnsanlar bir-birinə təsir edərək prosesi aparırlar. Baba-nənə inanır buna, öz övladı, nəvələri üçün belə düşüncəni təlqin edir, çöpçüyə getməyi lazımlı bilir, hətta oğul-qıza belə davranışı təzyiq vasitəsilə yeridirlər. İnanc bu yolla yaşayır.

Üçüncü meyar iki qaynaqlı psixoloji forma ilə əlaqəlidir. Yəni Azərbaycanda insanların tıbb sahəsinə olan güvənsizliyindən qaynaqlanır: insanlar türkəçarəyə daha çox meyillənirlər. Həm də bizim insanlar sağlamlıq məsələsinə elə də diqqət yetirmir. Nə qədər şəxs hər 6 aydan bir ümumi tibbi yoxlamadan keçir? Azərbaycanda belələrinin sayı 1 faiz varmı, yoxmu, böyük sual doğurur. Bu amillər çöpçülərin məşhur olması, varlanmasını yol açır”, - psixoloq deyib.

Onun sözlərinə görə, ilk növbədə ölkədə çöpçülük və oxşar hallarla bağlı geniş, kütləvi, profilaktik informasiya tədbirləri aparılmalı, cəmiyyət məlumatlandırılmalı, psixoloji baryerləri aşmaq üçün ciddi maarifləndirmə işləri görülməlidir:

"Eyni problem elə falçılarla bağlı yaşanır, onlara efirə yol açılır, bir müddət sonra heç bir təhsili olmayan birisi özünü psixoloq adlandırır. Bu tip məsələlərin həlli üçün qanunvericilikdə də dəyişikliyə ehtiyac var. Qanunda boşluq çoxdur”.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov problemin həllinin elə də asan olmadığını bildirib:

"Çöp daha çox uşaqlarda müşahidə olunduğu üçün bu tip problemlə valideyn ya pediatra, ya da qulaq-burun-boğaz həkiminə müraciət edir. Çöpün əlamətləri yüksək qızdırma, boğazda ağrı, udqunma çətinliyi olduğu üçün bəzən bu mütəxəssislər diaqnozu düzgün təyin edə, üst tənəffüs yollarındakı yad cismi, yəni çöpü aşkarlaya bilmirlər. Bunun üzə çıxarılması üçün endoskopiya həyata keçirilməlidir. Burun boşluğu, burun-udlaq, əsnək və qırtlağın müayinəsi aparılmalıdır. Yad cismi yalnız bu halda görmək mümkündür.

Bu tip müayinənin uşaqlara aparılması müəyyən texniki problemlərə də bağlıdır. Həkimin endoskopiya imkanları məhdud olduğu üçün diaqnostik çətinliklə qarşılaşır, yad cismləri xaric etmək onun üçün müşkülə çevrilir. Hazırda bəzi klinikalarda pediatrik endoskopiyanın icrası müasir avadanlığın köməyi ilə artıq mümkündür. Bu səbəbdən Azərbaycanın təbabət mühitində çöpçüyə elə də ehtiyac qalmayıb”.

Həkim Azərbaycanda bəzi tibb işçilərinin belə öz uşaqlarını çöpçü yanına aparmağına neqativ yanaşdığını qeyd edib:

"Çöpçü dediyimiz "mütəxəssis” hər hansı bir tibbi prosedurun aparılmasına hüquqi statusu olan şəxs deyil. Orqanizmə müdaxilə edərək yad cismin xaric edilməsi onun səlahiyyəti çərçivəsindən kənardır. Baş verə biləcək hansısa xoşagəlməz durumda çöpçünün cavabdehliyi məsələsi gündəmə gəlir.

Məsələn, çöpçü yad cismi üfləməklə və ya barmağı ilə xaric etməyə çalışdığı zaman o, alt tənəffüs yollarına, daha dəqiq desək, səs yarığı səviyyəsinə, traxeya və ya bronxlara düşə bilər. Bu halda xüsusi cərrahi komanda və avadanlıq olmadan yad cismin çıxarılması nəinki çətinləşər, hətta asfiksiya nəticəsində uşaq tələf ola bilər. Bu nəzərdən hər hansı bir kənddə, ya evdə belə proseduran aparılması düzgün deyil. Çox risklidir.

Yad cismin ölçüsü, materialı və ilişib qaldığı tənəffüs yolunun səviyyəsindən asılı olaraq bu müdaxilə poliklinikada da icra oluna bilər. Məsələn, damaq badamcığına saplanmış yad bir cismi poliklinikada, ambulator şəraitdə kənarlaşdırmaq olar. Amma qırtlaqda, alt tənəffüs yollarında və yaxud burun-udlaq səviyyəsində qalan yad cismin xaric edilməsi üçün xüsusi tibbi avadanlığa ehtiyac var”.

BAKU.WS