"Türkman marşı"na ilk dəfə Kərkükdə musiqi klipi çəkilib

Türkman marşına ilk dəfə Kərkükdə musiqi klipi çəkilib
Digər 20

Azərbaycanın "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi ilk dəfə İraqın Kərkük şəhərində "Türkman marşı"na klip çəkib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə qeyri-hökumət təşkilatının sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı məlumat verib.

Onun sözlərinə görə, bu, Azərbaycanın Kərkükdə ilk klip çəkilişi olmaqla tarixi hadisədir:

"Bir neçə gün əvvəl İraqdan qayıtmışıq. "Türkmaneli TV"nin də yaxından dəstəyi ilə orada klip çəkilişlərimiz baş tutdu. Türkmanlar soykökü, qanı, dili, dini eyni olan can qardaşlarımızdır. Bu ilin martında Bakıda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumu keçirildi. Həmin forum mədəni əlaqələrimizin bərpası üçün böyük təkan oldu".

Ş.Əlizamanlı bildirib ki, türkman irsinin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev "İraq-türkman poeziya antologiyası"nı tərtib edib, həmin antologiyanın redaktoru da professor Sübhi Saatçıdır:

"Həmin kitabda Sabah Karaaltının bir şeiri məni çox təsirləndirdi. Həmin şeirdə Təlafərdən, Məndəlidən bəhs olunur. Kitabda Qəzənfər Paşayev də izah verirdi ki, Təlafər İraqın Türkiyə sərhədində bir şəhərdir, Məndəli isə ölkənin lap cənubunda, İran sərhədinə yaxın bir türkman qəsəbəsidir. Türkmanlar bütün ölkə boyu bu iki məntəqə arasında məskunlaşıblar. Bu şeir mənə ilham verdi ki, onun musiqisini də bəstələyim. Nəticədə "Türkman marşı" ərsəyə gəldi. Aranjimançısı Asif Kərimov, səs rejissoru Faiq Ələkbərov olan bu musiqi əsəri düşünürəm ki, Sabah Karaaltının da ruhunu sevindirəcək".

QHT sədri həmçinin deyib ki, 2026-cı ilin yanvarında Kərkükdə çəkilmiş musiqi klipinin Bakıda təqdimat mərasimi keçiriləcək. Hazırda montaj işləri davam edir.

Xatırladaq ki, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi bu il "Türkman marşı"nı ərsəyə gətirib. Marşı təşkilatın sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ifa edib. Musiqi əsərinin sözləri tanınmış türkman şairi, vaxtilə Kərkükün polis rəisi olan və sui-qəsd nəticəsində öldürülmüş Sabah Karaaltına (1956-2006) məxsusdur. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Son xəbərlər