TƏBİB-də əczaçılıq şirkətləri və aptek təşkilatları ilə dərman təminatı müzakirə olunub

TƏBİB-də əczaçılıq şirkətləri və aptek təşkilatları ilə dərman təminatı müzakirə olunub
Digər 28

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (TƏBİB) "İcbari tibbi sığorta ilə ambulator dərman təminatı" mövzusunda əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş keçirilib.

TƏBİB-dən verilən məlumata görə, görüşün məqsədi icbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının mexanizmlərinin təkmilləşdirilməsi olub.

Görüşdə iştirakçılara ambulator şəraitdə dərman təminatının prinsipləri, tətbiq mexanizmləri və prosesin təşkilinə dair əsas məqamlar barədə məlumat verilib.

TƏBİB-in Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, ambulator dərman təminatının icbari tibbi sığorta çərçivəsində effektiv təşkili və davamlılığının təmin edilməsi üçün bütün maraqlı tərəflərlə açıq dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür görüşlər tətbiq olunan mexanizmlərin təkmilləşdirilməsinə, şəffaflığın artırılmasına və vətəndaşların dərmanlara əlçatanlığının daha da yaxşılaşdırılmasına xidmət edir.

Daha sonra Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev "Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının və tibb vasitələrinin Xidmətlər Zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası" haqqında geniş məlumat təqdim edib. Bildirilib ki, dərman vasitələri bir sıra meyarlara əsasən Xidmətlər Zərfinə daxil edilir: son 5 ildə əhalinin ölüm və ya əlillik faizi yüksək olan xəstəliklərin müalicəsində istifadə olunması, sübutlu təbabət prinsiplərinə uyğun olaraq effektiv və təhlükəsiz olması, eləcə də inkişaf etmiş ölkələrin sığorta təminatında yer alması.

"Şərti kompensasiya məbləğinin hesablanması" təqdimatında isə iştirakçılara kompensasiya mexanizmi, hesablamaların aparılması qaydası və tətbiq mərhələləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, "Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları" mövzusunda müzakirə aparılıb. Bu zaman dərman vasitələrinin pozitiv siyahıya əlavə olunması üçün tələb olunan kriteriyalar, qiymətləndirmə prosesi və qərarvermə ardıcıllığı haqqında danışılıb.

E.Quliyev bildirib ki, dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi zamanı əsas məqsəd tibbi effektivliyi sübut olunmuş, iqtisadi baxımdan səmərəli və pasiyent ehtiyaclarına cavab verən preparatların seçilməsidir. Onun sözlərinə görə, qiymətləndirmə prosesi müəyyən olunmuş meyarlar əsasında, şəffaf və ardıcıl şəkildə aparılır və qəbul edilən qərarlar səhiyyə sisteminin ümumi dayanıqlığına xidmət edir.

Görüşün sonunda ambulator dərman təminatı ilə bağlı praktiki məsələlər çərçivəsində "Müqavilələrin bağlanılması" mövzusu təqdim edilib. Müqavilələrin hazırlanması, tənzimlənməsi, tərəflərin öhdəlikləri və prosesin mərhələləri iştirakçıların diqqətinə çatdırılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər