Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi

Paşinyan xarici agentlər haqqında qanun təklif etdi
Digər 44

Ermənistanın baş naziri Nikol Paşinyan zərurət yaranarsa, qanunvericiliyə xarici təsir agentlərinin hərəkətlərinə adekvat cavab verməyə imkan verən mexanizmlərin əlavə edilməsini təklif edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları qarşısında çıxış edən Paşinyan qurumun yeni rəhbəri Andranik Simonyanı təqdim edib və prioritetləri açıqlayıb.

Baş nazirin sözlərinə görə, MTX terrorizm əlamətləri olan cinayətlərin və konstitusiya quruluşunu devirməyə cəhdlərin müəyyən edilməsi, habelə xarici kəşfiyyat orqanları tərəfindən cəlb edilmiş şəxslərin ifşası istiqamətində artıq ciddi işlər görüb. Bununla belə, o, bunun kifayət etmədiyini vurğulayıb.

Onun fikrincə, indi əsas diqqəti "təsir agentləri"nə - əməlləri formal olaraq cinayət təqibinə məruz qalmayan, əslində isə Ermənistanın müstəqilliyinə və suverenliyinə qarşı yönəlmiş şəxslərə qarşı mübarizəyə yönəltmək lazımdır.

"Onlar cəmiyyətdə erməni xalqının öz ölkəsinin taleyini müstəqil şəkildə təyin etmək hüququnu şübhə altına alan ideyalar yayırlar", - Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyanın açıqlamaları Erməni Apostol Kilsəsinin müdafiəsi üçün açıq çıxış edən və hakimiyyəti kəskin tənqid edən rusiyalı biznesmen Samvel Karapetyanla davam edən qarşıdurma fonunda verilib. Hökumət rəsmiləri açıq şəkildə bəyan ediblər ki, Samvel Karapetyan başqa ölkənin vətəndaşı olduğu üçün Ermənistanda ictimai-siyasi xarakterli bəyanatlar verməməlidir.

Son xəbərlər