Makron baş nazirləri əlcək kimi dəyişir: Erməni sevdalısı Lekornyu prezidentin "dəmir əli" olacaqmı?

Fransada son 20 ayda dördüncü baş nazir təyinatı baş tutub.
Hökumət başçılarını əlcək kimi dəyişən prezident Emmanuel Makron müdafiə naziri, ölkənin sürətlə silahlanmasının tərəfdarı və erməni lobbisinə yaxınlığı ilə seçilən Sebastyan Lekornyu bu posta irəli sürüb. Ağır böhran içində olan Fransa prezidenti və hökumətin siyasi reytinqi minimum həddədir və heç bir Beşinci Respublika prezidenti baş nazirləri bu qədər tez-tez dəyişməyib.
Prezidentin yaxın ətrafına daxil olan bu şəxs hökumət başçısı postuna təsdiqlənsə də, nə vaxta kimi bu vəzifədə qalacağı bəlli deyil. İstefaya çıxan Bayru 2024-cü ilin dekabrından etibarən doqquz ay baş nazir olub. Ondan əvvəlki baş nazir Mişel Jan Barnye bu vəzifədə cəmi üç ay qalıb, hazırda prezident partiyasının baş katibi olan Qabriel Attal 2024-cü ilin yanvarından sentyabrına qədər səkkiz ay hökumətə rəhbərlik edib.
74 yaşlı mərkəzçi Fransua Bayrunun yerini alan yeni baş nazir Lekornyunun 39 yaşı var. Ona parlamentdə təmsil olunan bütün siyasi qüvvələrlə ölkə büdcəsinin qəbul edilməsi və növbəti aylarda qərarların qəbul edilməsi üçün zəruri olan razılaşmaların əldə edilməsi məqsədilə "məsləhətləşmələr" aparmaq tapşırılıb. Lekornyu siyasi partiyaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra gələcək nazirlərin siyahısını dövlət başçısının təsdiqinə təqdim edəcək.

Yeni baş nazir 2017-ci il prezidentlik kampaniyası zamanı Makron tərəfindən qurulan "İntibah" partiyasının üzvüdür və həmin ildən ölkə hökumətində müxtəlif vəzifələrdə çalışıb, 2020-ci ildə dənizaşırı ərazilər naziri təyin edilib. 2022-ci ilin may ayından Fransa silahlı qüvvələrinin naziri vəzifəsində çalışır. Makronun "əbədi kölgəsi" adlandırılan və dəfələrlə baş nazir vəzifəsinə namizəd göstərilən (ötən ilin dekabrında o, hökumət başçısı vəzifəsinə bir nömrəli namizəd hesab edilirdi) bu şəxs xasiyyətcə sərt və qatı rusofob kimi tanınır. Lekornyu 2022-ci ildə Makronun ikinci müddətə prezident seçilməsindən bəri bu vəzifədə artıq beşinci şəxs olacaq.
Təyinata müxalifətin baxışı maraqlıdır. Məsələn, "Milli Birlik" partiyasının lideri Marin Le Pen "prezident tərəfdarlarının arxasında gizlənərək makronizm son atəşini açır" deyib. "Təslim olmayan Fransa"nın rəhbəri Jan-Lük Melanşon isə "yalnız Makronun özünün getməsi parlamentə, seçicilərə və siyasi ləyaqətə hörmətsizliyin bu kədərli komediyasına son qoya bilər" fikrini ifadə edib.
Fransada siyasi böhrana gəldikdə, bu, Makron 2024-cü ilin iyulunda parlamenti buraxdıqdan bəri davam edir. Prezidentin Lekornyunun namizədliyi üzərində dayanması da təsadüfi deyil. Ölkəni etirazlar bürüyüb - "Hər şeyi blokla" adlı hərəkatın iştirakçıları ölkə boyunca magistral yollarda hərəkəti dayandıraraq kütləvi etiraz aksiyaları keçirir. Müxtəlif bölgələrdə, o cümlədən Parisdə 75 nəfər olmaqla, onlarla insan saxlanılıb. Daxili işlər naziri Bruno Retayo bildirib ki, asayişin təmin edilməsi üçün təhlükəsizlik qüvvələrinin 80 min əməkdaşı cəlb edilib. Fransa mediası isə etirazlarda 100 minə qədər insanın iştirak edə biləcəyini yazır. Makrona da belə bir durumda "dəmir əl" gərəkdir. Lakin ölkədəki daxili siyasi böhranın yumşaldılmasına yeni hökumətin formalaşdırılması kömək etməyəcək və hələ məlum deyil ki, prezidenti son dərəcə polyarlaşmış qanunverici orqanda onun təsdiqlənməsi ilə bağlı hansı döyüşlər gözləyir. Makron ümid edir ki, baş nazir gələcək iğtişaşlar zamanı repressiv rejimin gücləndirilməsi üçün "çalışacaq".
Lekornyu Makrona digərlərindən daha çox yaraya bilər: ölkədə ciddi iğtişaşlar gözlənilir. Yeni baş nazir "X"də yazıb ki, ölkədə siyasi sabitliyin əldə edilməsi üçün çalışacaq. Gərginliyi isə yeni hökumətin formalaşdırılması deyil, Makronun istefası azalda bilər, müxalifət də ondan bunu tələb edir. BFMTV (Fransa xəbər kanalı) tərəfindən aparılan son sosioloji sorğu göstərib ki, ölkə əhalisinin 82%-nin fikrincə, hakimiyyət üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir.

Makrona gəldikdə, prezident öz postunu könüllü tərk edənə oxşamır. Prezidenti konstitusiyaya uyğun şəkildə dəyişmək isə çətin ki, indi mümkün olsun: ölkənin Əsas qanununa görə, dövlət başçısı yalnız o halda istefaya göndərilə bilər ki, məsələn, onu dövlətə xəyanətdə və ya prezident vəzifələrini yerinə yetirməkdən yayınmada təqsirli hesab etsinlər. Yeni hökumət başçısı mümkün qədər tez bir zamanda ölkənin 2026-cı il üçün büdcəsinin Milli Assambleya tərəfindən təsdiqlənməsinə nail olmalı və əvvəlki baş nazir Bayrunun istefasına səbəb olan münaqişəni həll etməlidir. Buna nail olacağı isə mümkünsüzdür.
Digər bir məsələ - yeni baş nazir separatçı erməni sevgisində Makrondan geri qalmır. Gələcək fəaliyyətində də bu sevgisini davam etdirəcəkmi? Nəzərə alaq ki, yeni baş nazir erməni lobbisinə, separatçılara sevgisi ilə seçilir. Lobbi isə Vaşinqtonda imzalanan Azərbaycan-Ermənistan Birgə Bəyannaməsinə qarşı çıxır. Müdafiə naziri olanda fransız silah şirkətlərinin ("Arquus", MBDA, "Nexter", PGM, "Safran" və "Thales") nümayəndələrinin İrəvana səfərini təşkil edib. Bu günə qədər Fransa erməni ordusunun təchiz edilməsi üçün bir neçə növ texnika, o cümlədən təxminən 20 "Bastion" zirehli transportyor tədarük edib. Ermənistanın dağlıq relyef amilini nəzərə alaraq, Fransa erməni ordusunu modernləşdirməyə, hərbçiləri təlimləndirməyə və düşmən pilotsuz uçuş aparatlarından hava hücumundan müdafiəni gücləndirməyə üstünlük verərək yalnız müdafiə təyinatlı avadanlıq tədarük etməyə hazır olduğunu bildirib.
Beləliklə, əksər Qərb mediası və ekspertlərinin "axsaq ördək" adı verdiyi Makron sonuncu gedişini etdi və bu addım da onun üçün son gediş ola bilər.
"Report" informasiya agentliyi
Oxşar xəbərlər
"MALBI-trans"ın rəhbəri: "Məqsədimiz Orta Dəhlizdə Avropa yüklərinin həcmini artırmaqdır"
Çexiyanın "MALBI-trans" şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirir. Bunu "Report"a şirkətin baş direktoru Liliana Krutonoq Bakıda ke...
