İnsanlar iki yaş dövründə daha sürətlə qocalır - ARAŞDIRMA

Elm adamları insan orqanizminin yaşlanma prosesinin iki kritik dövrdə sürətləndiyini müəyyən ediblər. Araşdırmaya görə, qocalma prosesində ən kəskin dəyişikliklər orta hesabla 44 və 60 yaşlarında baş verir.
BAKU.WS xəbər verir ki, Stanford Universitetindən genetikçi Maykl Snayder bildirib ki, "Zamanla tədricən dəyişmirik, bəzi dövrlərdə həqiqətən dramatik dəyişikliklər yaşayırıq. Orta 40 yaşlar və 60 yaşların əvvəli bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Üstəlik, hansı molekulyar sinfə baxırsınızsa baxın, bu hal dəyişmir."
Yaşlanma prosesi mürəkkəb bioloji dəyişikliklərə əsaslanır və bir çox xəstəliklərin riskini artırır.
Tədqiqatçılar 108 yetkin insanın bir neçə il ərzində müxtəlif bioloji nümunələrini analiz ediblər. Ümumilikdə 135 mindən çox bioloji faktor təhlil olunub və yaşlanma prosesində diqqətçəkən dəyişikliklərə məruz qalan molekullar müəyyən edilib.
Araşdırmaya əsasən, orqanizmdəki molekulların təxminən 81%-i 44 və 60 yaşlarında əhəmiyyətli dəyişikliklərə məruz qalır.
- 44 yaş ətrafında: Lipid, kofein və alkoqol metabolizması, ürək-damar xəstəlikləri, dəri və əzələ funksiyaları ilə bağlı molekullarda mühüm dəyişikliklər müşahidə olunub.
- 60 yaşın əvvəllərində: Karbohidrat mübadiləsi, immun sistemi və böyrək funksiyalarında nəzərəçarpacaq dəyişikliklər qeydə alınıb.
Bu yaş dövrlərinin qadınlarda menopauza və ya perimenopauza ilə üst-üstə düşməsi səbəbindən tədqiqatçılar bunun əsas faktor olub-olmadığını araşdırıblar. Lakin əldə edilən nəticələr göstərib ki, kişi orqanizmi də eyni yaş aralığında oxşar bioloji dəyişikliklər yaşayır.
Araşdırmanın baş müəllifi, metabolomika üzrə mütəxəssis Syaotao Şen qeyd edib:
"Bu nəticələr göstərir ki, qadınlarda menopauzanın təsiri olsa da, həm kişilər, həm də qadınlar üçün daha geniş miqyaslı amillər mövcuddur. Bu amillərin müəyyən edilməsi gələcək tədqiqatların prioriteti olmalıdır."
Alimlər araşdırmanın 25-70 yaş arasındakı insanları əhatə etdiyini və nisbətən məhdud miqyasda aparıldığını bildiriblər. Gələcəkdə daha geniş yaş aralığını əhatə edən və daha dərindən bioloji analizlər aparılan tədqiqatlarla yaşlanma prosesinin daha ətraflı öyrənilməsi planlaşdırılır.
Araşdırmanın nəticələri Nature Aging jurnalında dərc edilib.
Oxşar xəbərlər
Dövlət Komitəsi ilin ən yaxşı memarlarını "Təməl" mükafatı ilə təltif edib
Bu gün 19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsis edilən ötən ilin ən uğurlu memarlıq layihələrinin mükafatlandırılması mərasimi keçi...
