İcbari tibbi sığortaya ayrılan vəsait niyə azalır?

2026-cı il üçün İcbari Tibbi Sığorta fonduna dövlət büdcəsindən 900 milyon manat ayrılması nəzərdə tutulur. Bu isə ötən il ayrılan məbləğlə müqayisədə 35 faizə qədər azdır.
Bəs bu qədər azalmanın səbəbləri nədir? Azalmaya ehtiyyac nədən yaranıb?
BAKU.WS "Ölkə.az"a istinadla xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun sözlərinə görə, İcbari Tibbi Sığorta fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması ilk baxışda mənfi tendensiya kimi görünsə də, bu, əslində sistemin maliyyə dayanıqlılığının artması ilə bağlıdır:
"Son illərdə tibbi sığorta mexanizmləri genişlənib, fondun daxilolmaları təkcə büdcə vəsaiti deyil, digər mənbələr hesabına da formalaşır. Yəni dövlət yükünün bir hissəsi tədricən özəl sektor, müəssisə və fiziki şəxslərin üzərinə keçir. Bu isə beynəlxalq praktikada tam normal prosesdir.

Burada əsas məqsəd dövlət büdcəsi xərclərini azaltmaq deyil, sığorta sistemini daha çevik və effektiv mexanizmə çevirməkdir. Bu dəyişikliklərin vətəndaşın üzərinə əlavə maliyyə yükü qoyması, yaxud xidmətlərin azalması kimi təhlükələrdən söhbət getmir. Əksinə, məqsəd vəsaitlərin daha səmərəli istifadəsi və tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Əslində burada söhbət vətəndaşın üzərinə əlavə yük qoyulmasından yox, iqtisadiyyatın sağlamlaşmasından gedir. İş yerlərinin açılması, kölgə iqtisadiyyatının daralması və işəgötürənlərin işçiləri rəsmi qeydiyyata alması nəticəsində həm sığorta haqları, həm də insanların gələcək pensiya təminatı güclənir.
Dövlətin məqsədi budur ki, hər bir işləyən şəxs sistemin bir hissəsinə çevrilsin. Bu zaman fondun daxilolmaları təbii şəkildə artır və dövlət büdcəsinin üzərindəki yük azalır.
Dünyanın inkişaf etmiş ölkələrində tibbi sığorta dövlət büdcəsi hesabına formalaşmır. Sistem yeni qurularkən dövlət bir növ tampon rolunu oynayır. Zamanla iqtisadiyyat inkişaf etdikcə bu yük tədricən sığorta fondunun öz mexanizmləri hesabına qarşılanır. Yəni bu, "azaltma" deyil, sistemin yetkinləşməsi prosesidir".
Oxşar xəbərlər
"Podiumda gəzən" piyadalar, "sürət yarışı"na çıxan sürücülər
Baku TV-nin "Necə olmalıdır?" podkastının yeni buraxılışı yayımlanıb. Budəfəki buraxılışda yol qəzaları və psixoloji səbəblər mövzusu müzakirə edilib. "Yol verm...
