Gürcüstanın Host TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub

Gürcüstanın Host TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub
Foto
Digər 30

Bakıda keçirilən "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda iştirakı çərçivəsində Gürcüstanın aparıcı media qurumlarından biri olan Host TV telekanalının icraçı direktoru Temur Charelashvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Baku TV-nin qonağı olub.

Gürcüstan nümayəndələri Baku TV-ni ziyarət edib və regional media əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin hazırlanması və təcrübə mübadiləsi imkanlarına dair ətraflı fikir mübadiləsi aparıblar.

Qonaqlar "Global Media Group"a daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olublar. Tanışlıq zamanı Baku TV-nin beş dildə operativ xəbər istehsal etməsi, ölkənin regionları ilə yanaşı, beş xarici ölkədə müxbir şəbəkəsinə malik olması diqqətə çatdırılıb. Bundan əlavə, kanalın "YouTube" platformasında ötən il ərzində yayımlanan videoların bir milyarddan çox baxış toplaması xüsusi qeyd olunub. Vurğulanıb ki, Baku TV-ni yalnız internet üzərindən deyil, həm də kabel və peyk yayımı vasitəsilə Azərbaycanın bütün bölgələrində, eləcə də Avropa və Asiyada izləmək mümkündür.

Görüş zamanı tərəflər regional informasiya əməkdaşlığının gücləndirilməsi, qarşılıqlı xəbərlərin mübadiləsi, təlim proqramları, eləcə də gələcəkdə birgə media layihələrinin icrası ilə bağlı geniş müzakirələr aparıblar.

Temur Charelashvili görüşdə bildirib ki, Host TV Baku TV ilə əməkdaşlığın qurulmasında və birgə layihələrin hazırlanmasında xüsusi maraq göstərir.

Müzakirələrdə, həmçinin regional media şəbəkəsinin inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib. Qeyd olunub ki, artıq Özbəkistan və Qazaxıstan Media Agentlikləri ilə media əməkdaşlığına dair memorandumlar imzalanıb və bu çərçivədə bir sıra birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Host TV nümayəndələri Baku TV-yə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək, iki media qurumu arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inandıqlarını bildiriblər.

Son xəbərlər