Əsəbləri və immuniteti gücləndirir, amma təhlükəsi də var… - Turşəngin fayda və zərərləri

Əsəbləri və immuniteti gücləndirir, amma təhlükəsi də var… - Turşəngin fayda və zərərləri
Digər 32

Turşəng (red: el arasında quzuqulağı kimi tanınır) ən erkən yetişən göyərtilərdən biridir. Açıq sahədə yetişən turşəngin mövsümü əsasən may-iyun aylarına təsadüf edir. Bu dövrdə yarpaqlar daha şirəli, yumşaq və vitaminlərlə zəngin olur. İstixana şəraitində isə turşəng ilboyu satışda olur və bağ sahələrində mövsüm ərzində bir neçə dəfə məhsul verməsi mümkündür.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, turşəng qida lifləri, C vitamini, beta-karotin, maqnezium, mis, yod, dəmir və kaliumla zəngindir.

Rusiyalı dietoloq İrina Pisaryovanın bildirdiyinə görə, bu bitki immun sistemini gücləndirir, sinir sisteminə müsbət təsir göstərir, qanda şəkər və xolesterinin səviyyəsini azaltmağa kömək edir, həmçinin qaraciyərdən toksinlərin xaric olunmasını sürətləndirir.

Lakin turşəngin təhlükəli tərəfi də var. Belə ki, onun tərkibində çoxlu miqdarda oksalat turşusu mövcuddur. Bu maddə böyrəklərdə daş əmələ gəlməsi riskini artıra bilər.

Dietoloqun sözlərinə görə, sidik daşı xəstəliyindən əziyyət çəkən insanlara turşəng tövsiyə edilmir. Bundan başqa, artrit, qastrit, xolesistit, qıcıqlanan bağırsaq sindromu, mədə xorası və pankreatit zamanı da bu məhsulun rasiondan çıxarılması məsləhətdir. Çünki turşəng mədə turşuluğunu artıraraq selikli qişaları qıcıqlandıra bilər.

Mütəxəssislər hesab edir ki, sağlam insan üçün turşəngi ayda bir neçə dəfə qəbul etmək kifayətdir. Onu az miqdarda təzə halda və ya yüngül şəkildə bişirərək yemək daha məqsədəuyğundur.

İrina Pisaryova qeyd edib ki, çiy halda gündə 50-100 qramdan artıq istifadə etmək məsləhət deyil və bunu hər gün etmək düzgün sayılmır. O əlavə edib ki, istilik emalı zamanı turşəng bəzi faydalı xüsusiyyətlərini itirir.

Həkim Aleksey Kalinçev isə bildirib ki, turşəngdən hazırlanan yeməklər çoxdur və bu yeməklərdə istifadə olunan miqdar adətən zərər yaratmır. Onun sözlərinə görə, turşəng daha çox borş, şorba, kotlet, salat, pendirli lavaş, piroq, omlet və müxtəlif soba yeməklərində istifadə olunur.

Həkim vurğulayıb ki, qidalanmanın nə qədər müxtəlif olması, orqanizmdə vitamin və mikroelement çatışmazlığı riskini bir o qədər azaldır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər