Dişlərin vəziyyəti erkən ölüm riskindən xəbər verə bilər
Ağız boşluğundakı dişlərin vəziyyəti insanın sağlamlıq durumu və ömür uzunluğu ilə birbaşa əlaqəli ola bilər.
BAKU.WS xəbər verir ki, aparılan elmi araşdırmalar göstərir ki, təkcə diş itkisi deyil, ağızda qalan dişlərin vəziyyəti də erkən ölüm riskinin göstəricisi sayılır.
Yaponiyanın Osaka Universitetinin alimləri 75 yaş və yuxarı 190 min 282 nəfərin sağlamlıq və stomatoloji qeydlərini təhlil ediblər. Araşdırma zamanı hər bir diş mövqeyi çatışmayan, sağlam, plomb edilmiş və ya çürük kimi qiymətləndirilib.
Tədqiqatın nəticələrinə əsasən, ağızdakı sağlam və plomb edilmiş dişlərin ümumi sayı ölüm riskini proqnozlaşdırmaqda ən güclü amil kimi müəyyən edilib. Çürük və ya çatışmayan dişlərin sayının çoxluğu isə ölüm riskinin artması ilə birbaşa əlaqələndirilib.
Alimlər bildiriblər ki, plomb edilmiş dişlər də sağlam dişlər kimi aşağı ölüm riski ilə əlaqəlidir. Bu isə dişlərin vaxtında müalicə olunaraq qorunmasının yalnız ağız sağlamlığı üçün deyil, ümumi sağlamlıq baxımından da mühüm rol oynadığını göstərir.
Mütəxəssislər erkən ölüm riskini artıran amillər arasında iki əsas məqamı önə çəkirlər. Onların fikrincə, diş çürükləri və diş əti xəstəlikləri orqanizmdə xroniki iltihaba səbəb olaraq digər orqanlara mənfi təsir göstərə bilər. Eyni zamanda, dişlərin azalması çeynəməni çətinləşdirir və bu da sağlam qidalanmaya mane olaraq ümumi sağlamlığın zəifləməsinə yol açır.
Bundan əlavə, Tokio Elm İnstitutunun apardığı başqa bir araşdırmada diş itkisi, çeynəmə və udma çətinliyi, ağız quruluğu və nitq pozğunluğu kimi "ağız kövrəkliyi" əlamətlərindən üç və ya daha çoxuna malik şəxslərdə uzunmüddətli baxıma ehtiyacın 1,23 dəfə, ölüm riskinin isə 1,34 dəfə daha yüksək olduğu müəyyən edilib.
Mütəxəssislər vurğulayırlar ki, yaşlılıq dövründə dişlərin sayına yanaşı, onların klinik vəziyyətinin də mütəmadi nəzarətdə saxlanılması daha uzun və sağlam həyat üçün vacibdir.
Oxşar xəbərlər
Dünyada 2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
Dünyada 2025-ci il hava temperaturu göstəricilərinə görə qeydlərə düşən ən isti üçüncü il kimi tarixə düşüb. Ötən il qlobal orta səth temperaturu sənayeöncəsi d...