Azərbaycan alimləri Pekində keçirilən beynəlxalq kardiologiya konqresində çıxış etdilər

Dünya miqyasında ən nüfuzlu kardioloji tədbirlərdən biri sayılan Great Wall International Congress of Cardiology (GW-ICC 2025) çərçivəsində keçirilən AHS sessiyası – "Heart Failure and Cardiomyopathy" mövzusunda Azərbaycan alimlərinin iştirakı böyük maraqla qarşılanıb.
BAKU.WS xəbər verir ki, sessiyanın elmi müzakirə hissəsində Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Mahir Dadaşova "Innovative Approaches in Heart Failure Management: from Precision Medicine to Digital Health" adlı məruzə ilə çıxış edib.
Professor öz təqdimatında sübutlara əsaslanan müasir yanaşmaları, süni intellekt və rəqəmsal monitorinq texnologiyalarının ürək çatışmazlığının erkən aşkarlanması və fərdiləşdirilmiş müalicəsində tətbiq imkanlarını elmi əsaslarla izah edib.
Eyni sessiyanın elmi rəylər bölməsinin (Discussant) iştirakçısı kimi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, ürək cərrahı, t.ü.f.d. Vüsal Hacıyev iştirak edib.
Konqresin bu sessiyasında Hindistan, Çin və digər ölkələrin aparıcı kardioloqları da çıxış edib. Azərbaycanın hər iki nümayəndəsinin iştirakını beynəlxalq həmkarlar yüksək qiymətləndirib və gələcək elmi əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Konqres çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə Tsinghua Universitetinin Birinci Xəstəxanasının Ürək Mərkəzi arasında elmi-tədqiqat və akademik əməkdaşlığa dair məmorandum imzalanacaq.
Bu sənədin məqsədi kardiologiya sahəsində birgə elmi layihələrin icrası, müasir texnologiyaların tətbiqi, eləcə də mütəxəssislərin təlim və təcrübə mübadiləsini genişləndirməkdir.
Bu əməkdaşlıq Azərbaycan kardiologiya elminin beynəlxalq platformalarda daha geniş tanıdılmasına, eləcə də ürək-damar xəstəliklərinin müasir müalicəsi, təlim və tədqiqat istiqamətlərində ölkəmizin mövqeyinin güclənməsinə mühüm töhfə verir.
Qalereya
Oxşar xəbərlər
Niyə həkimlər hər gün nar şirəsi içməyi məsləhət görürlər?
Nar - əsrlər boyu əfsanə və xalq inancları ilə əhatə olunmuş bir meyvədir, lakin simvolik mənasından əlavə, o, tibb sahəsində də haqlı olaraq diqqət qazanmışdır...
