Arıqlama çayı və qəhvələrinin istifadəsi hansı fəsadlara gətirib çıxarar?

Ötən ay Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə yaydığı məlumatda son dövrlər elektron ticarət yolu ilə kütləvi formada Azərbaycana gətirilən "arıqlama çayı və qəhvələr"in tərkibində güclü təsirə malik maddə hesab edilən "sibutramin" maddəsinin aşkarlandığı bəyan edilmişdi.
Bu xüsusda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları da tövsiyə olunmuşdu.
"Report" mövzunun aktuallığını və insan sağlamlığı üçün önəmini nəzərə alaraq ölkəyə bu tip məhsulların gətirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının hansı qabaqlayıcı tədbirlər gördüyünü, eləcə də tərkibində öldürücü maddənin olduğu "arıqlama çayı və qəhvələri" necə ayırd edə bilinər kimi suallara cavab tapmağa çalışıb.
Həkim-dietoloq Leyla Zülfüqarlı bu kimi məhsulların olduqca təhlükəli olduğuna diqqət çəkib:
"Təəssüf ki, bir çox çayın tərkibində "sibutramin" maddəsinin olması gizli tutulur və insanlar məhsulun tərkibində bu maddənin olduğunu belə bilmir. Hətta deyərdim ki, böyük ehtimal bir çox çayların tərkibində həmin maddə var. İnsanlara aldıqları məhsulların tərkibini diqqətlə oxumağı tövsiyə edirəm".
Milli Məclisin deputatı Müşfiq Məmmədli isə vurğulayıb ki, həmin məhsulların insan orqanizminə zərər verəcəyi bilinərsə, o zaman satış təşkilatları məsul şəxslər inzibati məsuliyyət daşıya bilərlər.
Qeyd edək ki, "sibutramin" maddəsi 18 mart 2016-cı il tarixli qanunvericiliklə təsdiqlənmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir. Bu tərkibdə malların gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
"Sibutramin" təsiredici maddəsinin, ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, migren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən "sibutramin"in istifadəsi bir çox ölkələrdə dayandırılıb.
Mövzu ilə bağlı daha ətraflı məlumat təqdim etdiyimiz videosüjetdə əks olunub.
Oxşar xəbərlər
Azərbaycanın ÜST akademiyasından istifadə ilə bağlı təşəbbüsü müsbət qarşılanıb
Azərbaycan ÜST-nin akademiyasından davamlı tibbi təhsildən istifadə üçün təşəbbüs irəli sürüb. "Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurna...
