Altay Rüstəmli: "Məqsəd Avropada azərbaycanlı mühəndislərin hazırlığını Azərbaycanın inkişaf prioritetləri ilə əlaqələndirməkdir"

Altay Rüstəmli: Məqsəd Avropada azərbaycanlı mühəndislərin hazırlığını Azərbaycanın inkişaf prioritetləri ilə əlaqələndirməkdir
Digər 9

"Forumun mühüm missiyalarından biri də Avropada təhsil almış, burada peşəkar təcrübə toplamış azərbaycanlı mühəndislərin bilik və bacarıqlarının Azərbaycanın inkişaf prioritetləri ilə daha sıx əlaqələndirilməsinə dəstək verməkdir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli Hamburqda Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda bildirib.

"Biz, Almaniya Azərbaycanlıları Alyansı olaraq artıq bir neçə ildir ki, müxtəlif ixtisaslaşmış platformalar yaradırıq. Bu fəaliyyətin əsas məqsədi Avropada yaşayan azərbaycanlı peşəkarları bir araya gətirmək, onlar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, peşəkar həmrəyliyi gücləndirmək və yeni əməkdaşlıq imkanlarına yol açmaqdır", - A.Rüstəmli qeyd edib.

Onun sözlərinə görə, belə bir tərkibdə keçirilən görüşlər təkcə peşəkar dialoq üçün deyil, eyni zamanda, strateji baxışların yaxınlaşdırılması və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

"2024-cü ildən etibarən təşkil etdiyimiz Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunun başlıca məqsədi Avropanın müxtəlif ölkələrində çalışan azərbaycanlı mühəndisləri vahid peşəkar platformada birləşdirmək, onların arasında dayanıqlı əlaqələrin qurulmasına və yeni əməkdaşlıq istiqamətlərinin yaranmasına şərait yaratmaqdır", - A.Rüstəmli qeyd edib.

O bildirib ki, xaricdə formalaşmış peşəkar kapital sistemli şəkildə bir araya gətirildikdə, o, həm milli inkişaf, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm resursa çevrilir.

A.Rüstəmli həmçinin qeyd edib ki, əvvəlki forumların iştirakçıları bu gün öz həmkarları ilə birlikdə yenidən bu platformadadırlar:

"Bu isə onu göstərir ki, Forum yalnız maraq doğuran təşəbbüs deyil, eyni zamanda, fayda yaradan, etibar formalaşdıran və davamlılıq qazanan bir peşəkar mühitdir".

Forum həmçinin sadəcə fikir mübadiləsi meydançası deyil, real tərəfdaşlığa və praktiki nəticələrə yol açan təsirli bir platformaya çevrilib.

"Bu il Forumun mövzusu "Ağıllı şəhər texnologiyaları və prosesləri"dir. Bu mövzu təsadüfi seçilməyib. O, həm müasir dünyanın texnoloji inkişaf trayektoriyası, həm də Azərbaycanın strateji inkişaf hədəfləri ilə birbaşa səsləşir. Məhz buna görə Avropada yaşayan azərbaycanlı mühəndislərin bilik və təcrübəsi xüsusi dəyər daşıyır. Bu potensial yalnız fərdi uğurun göstəricisi deyil. O, eyni zamanda, cəmiyyətlər arasında bilik transferinin, innovasiya mühitinin və inkişaf əməkdaşlığının mühüm mənbəyidir. Biz bu Forumu yalnız görüş platforması kimi deyil, həm də uzunmüddətli peşəkar əməkdaşlığın institusional əsası kimi görürük. Burada qurulan əlaqələrin gələcəkdə elmi tərəfdaşlıqlara, texnoloji layihələrə, sənaye əməkdaşlıqlarına və yeni təşəbbüslərə çevriləcəyinə inanırıq", - A.Rüstəmli hesab edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər