Alimlərdən ŞOK ARAŞDIRMA: Pişiklər xərçəngin müalicəsinə kömək edə bilər
Britaniyanın Senqer İnstitutunun alimləri müəyyən ediblər ki, pişiklər insanlara onkoloji xəstəliklərlə mübarizədə kömək edə bilər. Bu, həmin heyvanlarda xərçəngin yaranmasına səbəb olan mexanizmlərin insanlardakı mexanizmlərlə oxşar olması ilə əlaqədardır.
BAKU.WS məlumatı "Daily Mail" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, tədqiqatçılar beş ölkədən olan təxminən 500 ev pişiyində müxtəlif növ şişləri analiz ediblər. Məsələn, alimlər pişiklərdə süd vəzi xərçəngi ilə insanlarda süd vəzi xərçəngi arasında oxşarlıq aşkar ediblər.
Alimlərin sözlərinə görə, pişiklər sahibləri ilə eyni mühitdə yaşadıqları üçün oxşar ekoloji risk faktorlarına məruz qalırlar. Bu isə onkoloji xəstəliklərin bəzi səbəblərinin ümumi ola biləcəyini göstərir.
Professor Ceffri Vud bildirib ki, əldə olunan nəticələr gələcəkdə əvvəlcə pişiklərdə, daha sonra isə insanlarda xərçəngin müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.
"Ev heyvanlarımız bizimlə eyni evdə yaşayır və eyni ətraf mühit amillərinə məruz qalır. Bu, xərçəngin həm pişiklərdə, həm də insanlarda niyə inkişaf etdiyini daha yaxşı anlamağa, ətraf mühitin risklərə necə təsir etdiyini müəyyənləşdirməyə və bəlkə də yeni profilaktika və müalicə üsulları tapmağa imkan verəcək", – deyə Vud qeyd edib.
Onun sözlərinə görə, komanda insanlarda xərçənglə əlaqəli olan təxminən 1000 geni pişiklərdə şiş və sağlam toxuma nümunələrində araşdırıb. Ən geniş yayılmış "driver" gen FBXW7 olub və pişiklərdəki şişlərin 50 faizindən çoxunda bu gendə dəyişikliklər aşkarlanıb.
İkinci ən çox rast gəlinən "driver" gen isə PIK3CA olub. Bu gen pişiklərdə süd vəzi karsinoması hallarının 47 faizində müəyyən edilib. Eyni genetik dəyişiklik insanlarda süd vəzi xərçəngi zamanı da müşahidə olunur.
Bundan əlavə, insanlardakı mutasiyalarına oxşarlıq qan, sümük, ağciyər, dəri, mədə-bağırsaq sistemi və mərkəzi sinir sistemi xərçənglərində də qeydə alınıb. Tədqiqatın həmmüəllifi Beyli Frensis vurğulayıb ki, bu nəticələr həm baytarlıq sahəsində çalışan mütəxəssislərə, həm də insan xərçəngini araşdıran alimlərə fayda verə bilər.
"Bilik və məlumatlar müxtəlif sahələr arasında paylaşıldıqda, bundan hər kəs faydalanır", - deyə Frensis əlavə edib.
Oxşar xəbərlər
Şənbə günü Bakıda 18 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu ba...