Alimlər mürəkkəb məqsədlərə çatmağın sadə sirrini açıqlayıblar

Alimlər mürəkkəb məqsədlərə çatmağın sadə sirrini açıqlayıblar
Digər 54

Emosiyalarına nəzarət etməyi və qətiyyətli davranmağı bacaran insanlar, qərarsızlıq göstərən və qərar verməyi təxirə salanlara nisbətən çətin məqsədlərə daha çox nail olurlar. Bu qənaətə Almaniyanın Trier Universitetinin psixoloqları gəliblər.

BAKU.WS xəbər verir ki, araşdırma Motivation and Emotion (ME) jurnalında dərc olunub.

Alimlər "şəxsi sistemlərin qarşılıqlı təsiri" nəzəriyyəsinə əsaslanıblar. Bu nəzəriyyəyə görə, məqsədlərə çatma uğuru təkcə motivasiyadan və zamandan deyil, həm də insanın daxili vəziyyətinə nəzarət etmə bacarığından asılıdır.

Belə ki, "fəaliyyət yönümlü" insanlar xüsusilə stres vəziyyətində planlaşdırmadan əmələ keçməyə daha asan adaptasiya olurlar. Onların əksi olan "hal yönümlü" insanlar isə çox düşünərək və tərəddüd edərək prosesdə ilişib qalırlar.

Tədqiqatın müəllifləri Karla Valdenmayer və Nikola Baumann 199 nəfərin (əsasən tələbələr, orta yaş 22) iştirakı ilə dörd həftəlik araşdırma aparıblar. Hər bir iştirakçı altı şəxsi məqsəd seçib, onların çətinlik dərəcəsini qiymətləndirib və bir ay sonra nəticələr barədə məlumat verib.

Nəticələr göstərib ki, məqsəd nə qədər çətin olsa, ona çatma ehtimalı bir o qədər azalır. Lakin "fəaliyyət yönümlü" iştirakçılarda bu əlaqə daha zəif idi - onlar çətin tapşırıqlarda belə daha çox uğur əldə edirdilər.

"Hal yönümlü" insanlarda isə məqsədin mürəkkəbləşməsi ilə uğur faizi kəskin şəkildə düşürdü. Sadə tapşırıqlar zamanı isə fərq demək olar ki, müşahidə olunmurdu.

Araşdırma müəllifləri bunu belə izah ediblər:

"Kim Everesti fəth edir? Hər şey insanın məqsədi nə dərəcədə çətin qəbul etməsindən asılıdır. "Fəaliyyət yönümlü" insanlar üçün bu sadəcə növbəti çağırışdır, "düşünənlər" üçün isə maneə."

Alimlər vurğulayıblar ki, əsas amil emosiyaların özünütənzimləməsidir - yəni vəziyyət plan üzrə getmədikdə sakit qalmaq və analiz mərhələsindən əməl mərhələsinə vaxtında keçməyi bacarmaqdır.

Son xəbərlər