VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb elmləri doktoru, professor Adil Qeybulla Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

BAKU.WS xəbər verir ki, pandemiya ilə bağlı vəziyyətin ürəkaçan olmadığını vurğulayan həkim karantin davranışlarının sərtləşdirilməsi təklifini verib:

COVID-19 ştamı ilə bağlı hələlik dünyada müşahidə edilən mənzərə ürəkaçan olmasa da, iri əczaçılıq şirkətləri, ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutu vaksin və spesifik dərman preparatlarının yaradılması üzərində ciddi intensiv iş aparmaqdadır. Hemorragik qızdırma törədən Ebola qızdırması zamanı istifadə olunan Remdesevir preparatından tutmuş və monoklonal antitellərə qədər müxtəlif dərmanların tətbiqi ünlü virusoloqlar, molekulyar biologiya mütəxəssisləri, genetiklər, infeksionistlər tərəfindən ciddi şəkildə araşdırılır. Hələlik real nəticə ortada yoxdur.
Pandemiyanın ötən dövrünün retrospektiv təhlili göstərir ki, sərt karantin tədbirlərinin məqsədəuyğunluğuna inam getdikcə sarsılmaqdadır.

Çin təcrübəsi göstərdi ki, bütün dünya üzrə bu tədbirlər eyni anda başlasa və sərt şəkildə həyata keçirilsəydi, bu gün biz virusun adı keçən ştamı haqda keçmiş zamanda danışa bilərdik. Amma biz qloballaşan dünyada yaşayırıq. Uçaqla bir neçə saata minlərlə kilometr məsafə qət etmək imkanı virusun qısa müddətdə dünyanın hər yerinə daşınması şansını yaradır.

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan işlər göstərdi ki, tətbiq edilən karantin şəraiti iki əsas istiqamətdən ibarət oldu. Birincisi hissə, karantin şərtləri adlandırıla bilər ki, bunlar evdə qalmaq, sosial izolyasiya, fərdi və sistemli dezinfeksiya tədbirlərini əhatə edir. Digər hissə, karantin davranışları adlandırıla bilər. Karantin davranışlarına sosial məsafə gözləmək, maska taxmaq (ağız və burun dəliklərini bağlamaqla xəstə şəxsdən nəfəs aerozoulunun xaricə atılmasını əngəlləmək və virusun sağlam adamın nəfəs yollarına düşməsinin qarşısını almaq), əllərin sabunla isti su altında yuyulması və dezinfeksiyası aid edilə bilər.

Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımız tərəfindən sözün həqiqi mənasında iqnor olunub.
Yoluxma dinamikasında nəzərə çarpan artım qeyd olunur, ölüm halları da hələlik epizodik şəkildə olsa da, artmaqdadır. Qarşıdan yay gəlir. İnsanların gözlənilən istidən qaçaraq ölkə üzrə rayonlara istirahət səfərləri qaçılmazdır. Bu isə virusun rayonlara transferinin intensivləşməsi deməkdir. Yoluxma sayının artması, infeksiyanın yayılma coğrafiyasının genişlənməsi və bütövlükdə epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır.

Nə etməli?

Düşünürəm ki, qarşıdakı isti yay aylarında karantin tədbirlərinin sərtləşdirilməsi dözülməz olardı. Digər tərəfdən, sərt karantin tədbirləri görülsə belə, SMS icazələrindən sui-istifadə təcrübəsi ortadadır. Belə olarsa, yenə də insanlar bir-birinə qonaq getmək, evlərdə ziyafətlər təşkil etmək, həyətə düşüb söhbət etmək, domino oynamaq, çay içmək, liftdən sürəkli istifadə və s. sui-istifadə yolları ilə infeksiyanın yayılmasına səbəb olacaqlar.
Ən mühümü karantin davranışlarının sərtləşdirilməsidir. Bu istiqamətdə maarifləndirmə işləri qənaətbəxş hesab edilə bilməz. Verilən informasiyalar, sadəcə, konstatasiya xarakteri daşıyır. Bu istiqamətdə fəaliyyətə yenidən baxılmalıdır. Ya biz bu yolla yoluxma sayını azalda və ağırlaşma, ölüm hallarını minumumda saxlaya bilərik, ya da kollektiv (kütlə) immunitetinə doğru gedəciyik. Kollektiv immunitetin yaranması üçün ən azı 70% əhalinin yoluxması tələb olunur ki, virus tədricən yoxa çıxa bilsin. Bu isə paralel olaraq ciddi itkilər deməkdir.

Təkliflər:
1. Sosial həyatın canlanması və qadağaların ləğvi fonunda karantin davranışlarına (sosial məsafə gözləmək, maska taxmaq, əllərin mütəmadi sabunla yuyulması və dezinfeksiya tədbirləri) əməl edilməsinə nəzarətin ciddiləşdirilməsi və sərt qaydaların tətbiqi; Artan xəstə sayı yoluxma mənbəyinin genişlənməsi, itkilərin artması və böyük məsrəflər deməkdir! Karantin davranışlarına hörmətsiz yanaşmaq genofondun sağlamlığına qəsd deməkdir!

2. Xaricdən ölkəmizə gətirilən vətəndaşlarımıza selektiv yanaşmaq, xəstəlik şübhəsi olanları karantinə, xəstələri müalicəyə götürmək, xəstəlik əlaməti olmayanları və test cavabı mənfi olanları sahə həkiminin nəzarəti altında ev karantininə göndərmək; hamını karantinə göndərməyə qəti ehtiyac duyulmur.

3. Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi.

Adil Qeybulla vəziyyətin olduqca ciddi olduğunu bu sözlərlə vurğulayıb:

“Kiminsə virusa hələ də inamı yoxdursa və ya ağıl səviyyəsi buna imkan vermirsə, bu, digərlərinin günahı deyil. Bu gün şəhərin mərkəzində heç kim maska taxmır, situasiyanı iqnor edir. Bu da çox təhlükəlidir, gündəlik artmanın səviyyəsi daha yüksək həddə çatsa, insanlar koronavirusdan küçədə yıxılıb öləcəklər. Bu vəziyyətə getməmək üçün qaydalara mütləq əməl etmək lazımdır”.

BAKU.WS