Kanadada yaşayan həmyerlimiz Elvin Əliyev koronavirusa yoluxub və ev şəraitində sağalıb.

BAKU.WS xəbər verir ki, həmyerlimiz bu gün özünü tam sağlam hiss etdiyini deyir:

"Nəhayət orqanizmim Covid-19-dan sonra bərpa oldu. Bu, mənim həyatımda keçdiyim ən dəhşətli təcrübə idi".

Elvin koronavirusun onda müşayiət olunan əlamətlərini belə izah edib: 

"İlkin simptomları baş gicəllənməsi və 37.2-37.3 teperaturu, qarın ağrısı. Qoxu və dad bilmirsən. Boğaz o qədər quruyur ki, bir günə ən az 10 litr su içməli olursan. Xəstəlik başağrısı ilə davam edir. Bütün gecəni yuxudaykən gün ərzində içdiyin həmin 10 litr tərlə bədənindən çıxır. Səhər ayılanda yataq su içində olur. Əməlli-başlı su içində, elə bil yatağa bir vedrə su töküblər.

Ən ağır günlər bundan sonra gəlir. Temperatur qalxır və yataqdan qalxmaq olmur. Ayağa qalxandan sonra 10-20 dəqiqəyə yorulub yenidən yatmağa gedirsən. Məndə 4 gün belə davam etdi. 4 gün yatdım.

Dörd gün heç nə yeyə bilmədim, ancaq su içirdim. Dörd gündən sonra orqanizmim ancaq duzlu və şirin qidalar tələb edirdi. Qoxu və dadbilmə qabiliyyətim hələ də qayıtmayıb.

Ondan sonra ağ ciyərlərdə problemlər yaranır,  iki gündən sonra isə təngnəfəs olursan. Təngnəfəslik 5-6 gün davam edir. Sonra yavaş-yavaş özünə gəlirsən. Temperatur normaya düşür. Bir həftədən sonra temperatur yenidən qalxdı və iki gündən sonra normaya düşdü".

Zülfiyyə Qurbanova
BAKU.WS