Azərbaycanda mövcud epidemioloji vəziyyətə uyğun olaraq karantin qaydaları yenidən sərtləşdirilə bilər.

BAKU.WS xəbər verir ki, bu məqsədlə martın 13-də Operativ Qərargahın toplantı keçirəcəyi və müəyyən qərarlar açıqlayacağı ehtimal olunur.

Sosial şəbəkələrdə gedən bu məlumatlara görə, Azərbaycanda yoluxmanın sayında müşahidə olunan artımın qarşısını almaq üçün Novruz bayramı ərəfəsində karantin qaydaları sərtləşdirilə bilər. Mövcud şərtlərdə karantin qaydalarının sərtləşdirilməsinin nə qədər doğru olacağına münasibət öyrənmək üçün tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik.

Tibbi ekspert BAKU.WS-ə bildirdi ki, əslində qapanmaların məqsədi təmasları azaltmaqdır: "Təmaslar isə gərək bütün sahələrdə azaldılsın. Əgər belə bir hal nəzərdə tutulubsa, bunun Novruz bayramından sonra olması daha yaxşı olar. Çünki əhali karantin qaydalarından bezib.

Fikrimcə, əhaliyə xəbərdarlıq etmək lazımdır ki, qapalı yerlərdə maksimum karantin davranışlarına əməl olunsun. Bayram günlərində çox təmasda olunmasın. Bu yol daha yaxşıdır, nəinki qapanmalar.

Karantin vaxtı qapanmalar insanların psixikasına necə təsir edəcək? Bu, ciddi sualdır. Operativ Qərargah bunu nəzərə almalıdır. Bəzi iri sahələrdə müəyyən məhdudiyyətlərin olması mümkündür. Lakin bütün sahələri məhudlaşdırmağı düzgün hesab etmirəm. Nəzərə almaq lazımdır ki, bizim ölkəmizdə həm də vaksinasiya prosesi gedir.

Düşünürəm ki, vaksinasiyanı intensiv aparmaq lazımdır. Hazırkı epidemioloji durumda və qarşıdan gələn bayram günlərində gözləməyi məqsədəuyğun hesab edirəm. Bayramdan sonra mövcud duruma uyğun qərarlar qəbul edilə bilər.

Biz restoran və kafeləri bağlasaq da ictimai nəqliyyatda sıxlıq yerində qalır. İctimai nəqliyyat yoluxma mənbəyi olaraq qalır. Bəs ictimai nəqliyyatı kim tənzimləyəcək? Yoluxmanın əsasını məhz ictimai nəqliyyat təşkil edir. Bu məsələ mütləq nəzərə alınmalıdır.

Yoluxma üçün əsaslar qaldığı halda, qapanmaların xüsusi rolu olmur. Onda gərək tam qapanma olsun və ictimai nəqliyyat da qapalı elan edilsin. Əgər son tədbirə gediriksə, bu addımları atmalıyıq.

Biz bir tərəfdən hər yeri bağlayırıq, digər tərəfdən ictimai nəqliyyat işləyir. İctimai nəqliyyatda isə maska, sosial məsafə qaydaları pozulur. Karantin tədbirləri ona oxşayır ki, hər yer bağlanır, amma pəncərələr açıq qalır. Oradan nə lazımdırsa, daxil olur".

Orxan Hüseyn
BAKU.WS