Üç qurumdan birgə məlumat: "Bakı Kənar Dairəvi yolunda hərəkət məhdudlaşdırıla bilər"

Üç qurumdan birgə məlumat: Bakı Kənar Dairəvi yolunda hərəkət məhdudlaşdırıla bilər
Sosial 481

Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətlərinin birgə məlumat yayıb.

BAKU.WS xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir:

"Bu çərçivədə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Bununla əlaqədar sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur".

***12:05

Qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bu barədə BAKU.WS-ə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, Badamdar qəsəbəsi ərazisində, Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb:

"Bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür. Hazırda aidiyyəti qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür".

***10:46

"Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrinin sol tərəfində baş verən sürüşmə nəticəsində xəsarətlə nəticələnə biləcək hər hansı hadisə baş verməyib".

Bu açıqlamanı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, sözügedən ərazidə hazırda tam şəkildə təhlükəsizlik tədbirləri görülüb:

""Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib və qabaqlayıcı tədbirlər görülüb".

Son xəbərlər