ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi
Azərbaycan Dəmir Yolları (ADY) 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə bir sıra addımlar atıb.
BAKU.WS xəbər verir ki, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə aprel ayından etibarən Pirşağı-Sumqayıt sahəsində proflaktik işlər görülüb.
Belə ki, yeni dərs ilinin başlaması ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarlar yenilənmiş qrafiklə xidmət göstərəcək. 16 sentyabr tarixindən qüvvəyə minən yeni hərəkət cədvəlinə əsasən, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə 36-dan 42-yə çatdırılıb.
Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb.
Həmçinin beynəlxalq təcrübəyə əsasən, bələdçi heyəti ilkin yardımın əsasları təliminə cəlb olunub.
Qatarlarda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlana bilən mühərriksiz və batareyasız velosipedin çexolunda, uşaqlar üçün nəzərdə tutulmuş mühərriksiz, batareyasız skuterin (samokat) yığılmış vəziyyətdə ödənişsiz aparılmasına icazə verilir. FLIRT markalı qatarların dördüncü vaqonunda isə mühərriksiz və 2 ədəd batareyasız velosipedin daşınması üçün nəzərdə tutulmuş yerlər mövcuddur. Həmçinin ADY Abşeron dairəvi dəmir yolu xətti üzrə bütün stansiyalarda velosiped dayanacaqları quraşdırıb, Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarında avtodayanacaqları sərnişinlərin istifadəsinə verib. Bu xidmətlərdən istifadə ödənişsizdir.
Görülmüş bütün bu tədbirlər müştəri məmnuniyyətinin artmasına və səfər zamanı daha çox sərnişinin qatarlara üstünlük verməsinə gətirib çıxarır. Müştəri məmnuniyətinin ölçülməsi baxımından 2024-cü ilin aprel ayında sərnişin daşımaları üzrə fiziki və onlayn formada soğru keçirilib və nəticələrə əsasən məmnuniyyət göstəricisi 88% olub.
Qalereya
Oxşar xəbərlər
Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT
Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...