Bu günədək COP29-da iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib

Bu günədək COP29-da iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib
Foto
Siyasət 137

İndiyədək Bakıda keçiriləcək COP29 konfransına gəlmək üçün 67 min nəfər qeydiyyatdan keçib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdə məlumat verib.

Onun sözlərinə görə, tədbiri işıqlandırmaq üçün 3 500 media nümayəndəsi akkreditasiyadan keçib və onların bir çoxu artıq Azərbaycandadır.

A.Ələkbərov həmçinin bildirib ki, COP29-un keçiriləcəyi Bakı Stadionunun bir çox ərazilərində işlər artıq 100 % tamamlanıb, stadiondakı zonalarda isə bütün hazırlıq işləri başa çatıb.

Prezidentin köməkçisi deyib ki, 29 otaqda iclaslar təşkil ediləcək: "Artıq tədbir məkanında noyabrın 5-dən COP29-la bağlı aktiv müzakirələr aparılır".

O, COP29 iştirakçılarının qidalanma məsələsinə də toxunub: "Qidalanma məsələsinə hazırlıq çərçivəsində tam diqqət yetirilib. Bunun üçün xüsusi portal yaradılıb və artıq sifarişlər də alınıb".

Məlumat verilib ki, "Yaşıl Zona"da 58 yerli və xarici şirkət pavilyonlar qurub.

A.Ələkbərov qeyd edib ki, noyabrın 11-də COP29 tədbirinin rəsmi açılış mərasimi olacaq: "Noyabrın 12-13-də Liderlər Sammiti keçiriləcək, noyabrın 12-də isə "Yaşıl Zonada birinci xanımların görüşü baş tutacaq. Tədbir noyabrın 22-də rəsmi olaraq yekunlaşsa da, danışıqlardan asılı olaraq bu tarix uzana da bilər".

Eyni zamanda COP29-un rəsmi açılış mərasimində təxminən 40 dəqiqə Azərbaycan mədəniyyətinin təqdim olunacağı vurğulanıb.

Tədbirin keçiriləcəyi müddətdə şəhər ərazisində fəaliyyət göstərən restoran və kafelərdə isə hər hansı məhdudiyyətlərin olmayacağı diqqətə çatdırılıb.

Son xəbərlər