Görkəmli bəstəkar Fikrət Əmirovun doğum günüdür
Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun doğum günüdür.
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ilin noyabrın 22-də Gəncədə anadan olub.
1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.
F.Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın müəllifi olduğu yeni, simfonik muğam janrı "Şur", "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub.
Cəfər Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaradıb.
F.Əmirovun məşhur baletləri olan "Min bir gecə" və "Nəsimi" dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa edib.
Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, 2022-ci ilin martın 22-də Prezident İlham Əliyev Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilirdi:
"Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır.
Yüz illiyinin UNESCO-nun 2022 - 2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.
Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir".
2022-ci ilin noyabrın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş "Fikrət Əmirov 100" adlı təntənəli yubiley gecəsi keçirilib.
Oxşar xəbərlər
Azərbaycanda direktor işdən AZAD EDİLDİ
Mingəçevir Tarix Muzeyinin direktoru vəzifəsindən azad olunub. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi struktur tab...