Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin vəfatından 45 il ötür

Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin vəfatından 45 il ötür
Mədəniyyət 77

Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. Onun vəfatından 45 il ötür.

1940-cı il martın 16-da Bakıda anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirib. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə "Ağ royal" mükafatı ilə qayıdır.

Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

Vaqif Əziz oğlu Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb.

Onun musiqi stili "Caz-Muğam" adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Son xəbərlər