Son günlər Bakıda avtomobillərin texniki baxışdan keçirilməsilə bağlı sürücülərə müxtəlif qeyri-qanuni təkliflər gəlir. Hətta yanacaqdoldurma məntəqələrində sığorta agentləri sürücülərə açıq şəkildə belə təkliflər etməkdən çəkinmirlər.

BAKU.WS xəbər verir ki, onlar sürücülərə yaxınlaşıb bildirirlər ki, sürücü avtomobilini texniki baxışdan keçirmək üçün yalnız avtomobilin "texpasport"nun surətini "WhatsApp" nömrəsinə göndərə bilər. Bununla da sürücü texniki baxışdan keçmək haqda birkanı almış olur.

Dövlət rüsumu 20 manat olduğu halda, sığortaçılar bu proseduru nə az, nə çox düz 60 manata edirlər.

Avtomobili texniki baxışdan keçirəcəyini bildirən şəxslərdən biri təklif etdiyi xidmətin tam qanun çərçivəsində olduğunu bildirir: “Qanunsuz olsaydı, mən bu işlə 6 ildir məşğul olmazdım”.


Ekspertlərin fikrinə görə isə bu cür hallar qanunsuzdur və yolverilməzdir. Avtostop layihəsinin rəhbəri Tural Yusifov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu cür hallar araşdırılmalı və həmin adamlar məsuliyyətə cəlb edilməlidir. Ekspert bildirib ki, bu cür hallarda yanacaqdoldurma məntəqələrinin də məsuliyyəti artmış olur. Onlar ərazilərində qeyri-qanuni fəaliyyətin aparılmasına şərait yaratmamalıdırlar. 

Ekspert bildirib ki, belə hallarda yol polisinin də üzərinə böyük məsuliyyət düşür: "Əgər həmin şəxslərin əlində orijinal texniki baxış birkaları varsa, burada yol polisinin məsuliyyəti var. Burada əsas problem texniki baxış birkalarının kimlərinsə əlində olmasıdır. Həmin şəxslər küçələrdə gəzirlər. Onlar birkaları oğurlamayıb axı. Birkaları onlara yol polisindən kimlərsə verib. Tapmaq lazımdır ki, o birkaları kimlər çap edib. Hər il texniki baxış birkası dəyişir. Onun etiketini yol polisindən başqa heç kim bilmir".

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsilə də əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, belə hallar yolverilməzdir.


"Texniki baxış yalnız DYP-nin texniki müayinə mərkəzlərində keçirilməlidir. Sürücülər Bakıda Maştağa qəsəbəsində yerləşən texniki müayinə mərkəzində və regionların özünün texniki müayinə mərkəzlərində avtomobili texniki servisdən keçirə bilərlər. Yanacaqdoldurma məntəqələrində yaxud digər müəssisələrdə kimsə yaxınlaşıb texniki sevris təqdim edirsə, bu tamamilə qanunsuz və yolverilməz bir şeydir", - deyə Rüfət Quliyev bildirib.

Yol polisi deyir ki, vətəndaşlar həmin dəllallara inanmamalı və qanunsuz əmələ şərik olmamalıdırlar:

"Dəqiq bilmirəm həmin texniki baxış birkalarını hansı şəraitdə düzəldirlər. Dövlət Yol Polisi tövsiyyə edir ki, texniki nəqliyyat vasitələrini texniki müayinə mərkəzlərinə təqdim etsinlər. Bundan əvvəl nəqliyyat vasitəsi və sürücü barəsində hər hansı bir inzibati protokol varsa, onun ödənişini etsinlər. Sonra isə avtomobili texniki müayinə mərkəzlərində texniki baxışdan keçirsinlər. Belə məsələlərdə sürücülər inzibati məsuliyyət daşıyır. Biz dəfələrlə elan etmişik ki, hər hansı bir nəqliyyat vasitəsi yalnız texniki müayinə mərkəzlərində texniki baxışdan keçirilməlidir. Avtomobillərin yollarda, hansısa tanışın köməkliyilə texniki baxışdan keçirilməsi yolverilməzdir".


Bəs sürücülər avtomobillərini texniki baxışdan necə keçməlidirlər? Bunu “Texniki baxışdan necə keçməli? Əsas sirlər” adlı xəbər linkinə daxil olmaqla öyrənə bilərsiz.

Ziya SƏCCAD
BAKU.WS