SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Artıq bir neçə ildir ki, sürücülər avtomobili qeydiyyata və təkrar qeydiyyata aldıranda, texniki baxışdan keçirəndə Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat və Texniki Baxış şöbələrində qanunvericiliklə üst-üstə düşməyən tələblər irəli sürülür. Bu proses demək olar ki, hər gün davam edir. Avtosfer.az bildirir ki, burada söhbət cərimələrin ödənilməsindən gedir. Belə ki, sürücülər aldıqları avtomobili satarkən və yaxud da, təkrar qeydiyyata aldırarkən, habelə texniki baxışdan keçirərkən həmin avtomobillərin cərimələri sistemdə yoxlanılır və sürücüdən tələb edilir ki, cərimələri ödədikdən sonra qeydiyyat və ya texniki baxış prosesi aparıla bilər. Bu isə sürücülər arasında haqlı narazılığa səbəb olurdu. Çünki qanunvericilikdə cəriməyə görə avtomobilin qeydiyyatdan və ya texniki baxışdan keçirilməsindən imtina edilməsi və ya cərimənin ödənilməsinin tələb edilməsi məsələsi əksini tapmayıb. Sadəcə olaraq DYP cərimələrin yığılmasını təmin etmək məqsədilə daxildə belə bir yazılmamış qayda tətbiq edir ki, bu da sürücüləri narahat edir. 

Bu məsələ ilə bağlı Avtosfer.az-ın daimi oxucusu Təbriz Yusubov iyunun 27-də DİN Baş Dövlət Yol Polisi İdarəsinə ərizə yazaraq bildirib ki, nəqliyyat vasitəsinin qeydiyyatı və texniki baxışı zamanı hansısa qərarsız protokola görə qeydiyyatdan və texniki baxışdan imtina edilir və bu, qanunsuzdur: «Ərizəmi icra edən Azər Qurbanov bu məsələ ilə bağlı məni idarəyə dəvət etdi. Mənim və şöbə rəisinin müavini Şəmsəddin bəyin iştirakı ilə bu mövzuda ətraflı söhbət etdik. Bildirdilər ki, hansısa protokola görə qeydiyyatdan və texniki baxışdan imtina edilə bilməz. Çünki bu, qanunsuzdur».

Sürücü Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən xahiş edib ki, ona yazılı şəkildə cavab verilsin və hər hansı qərarsız protokola görə nəqliyyat vasitəsinin axtarışda olmamasını bildirən möhürün vurulmasından, avtomobilin qeydiyyat və texniki baxışdan keçirilməsindən imtina edilməsi məsələsinə aydınlıq gətirilsin.
Nəhayət, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi vətəndaş Təbriz Yusubova cavab verib. Cavab məktubunu tam olaraq və xüsusən də ən önəmli hissəsini oxuculara təqdim edirik: «Bildiririk ki, inzibati xəta haqqında protokollara görə cərimələrin ödənilməməsi nəqliyyat vasitələrinin qeydiyyatı və texniki baxışdan keçirilməsi zamanı imtinaya səbəb ola bilməz». 

Göründüyü kimi, sistemdə illərlə yığılıb qalan, heç bir qərarı olmayan, yəni, sürücüyə bildirişi verilməyən xətalara görə avtomobilin qeydiyyat və texniki baxışdan keçirilməsindən imtina qanunsuzdur. Bu cür hallarla üzləşən sürücülər Baş DYPİ-nin 902 qaynar xəttinə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edə bilər.

BAKU.WS