Xoşqədəm 10 yaşlı Nərminə görə göz yaşı tökdü - VİDEO
Tovuz rayonunun Dondar Quşçu Kəndində noyabr ayının 21 itkin düşən 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının rayon ərazisində yandırılmış meyiti tapılıb. Meyit ekspertizaya aparılıb. Hazırda qızın hansı şəraitdə öldüyü məlum deyil.
Yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümü ictimaiyyəti dəhşətə gətirib. İnsanlar sosial şəbəkə vasitəsilə azyaşlıının qatilin tezliklə tapılıb cəzalandırmasını tələb edir. Nərminin axtarışları hüquq-mühafizə orqanları ilə yanaşı "Səni axtarıram" proqramında aparılırdı. Xoşqədəm Hidayətqızı azyaşlının tapılması üçün araşdırmalar aparırdı.
BAKU.WS xəbər verir ki, jurnalist Xoşqədəm Hidayətqızı aldığı xəbərdən keçirdiyi hissləri göz yaşları ilə ifadə edib:
"Mənim on yaşlı mələyim, sənə kim qıydı? Səni kim yandırdı bala? Görəsən o vəhşi sənə qıyarkən vicdanı titrədimi? Sənin ölüm xəbərini aldım və inan ki, məndə öldüm. Həftələrdir "Nərmin" deyib efirdən o canilərə yalvardım, sənin üçün doğulduğun kəndə qədər gəldim. Olmadı qızım, mələyim, körpəm, olmadı... Mən o caninin qarşısını ala bilmədim, səni xilas edə bilmədim. Bağışla məni Nərminim.
Nərmin, sənin axtarışına çıxarkən bilirdim sən artıq yoxsan, amma möcüzəyə inanırdım. Deyirdim bəlkə də sağ tapılacaqsan... Əlimdən gələni etdim, o böyüdüyün evi, ətrafını, gəzdiyin küçəni gəzdim-dolaşdım, amma səni tapa bilmədim. Həftələrdir iş telefonuna özüm cavab verdim, bayramda belə özümlə götürdüm. Düşünürdüm möcüzə olar, sən mənə zəng edib, "məni xilas edin" deyərsən. Bəlkə kimsə mənə gizli şəkildə sənin sirrini açar deyə.Olmadı Nərminim, olmadı, xınalı quzum. Məni bagışla, səni sağ tapa bilmədim, məni bağışla, sən öldürülərkən fəryadına yetişə bilmədim.Məni bagışla, sızlayan yaralarına məlhəm ola bilmədim, bala. Gecə 01:47, mənsə hələ də yata bilmirəm, səni öldürdükləri, yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, həmin an kimi cağırırdın, o balaca ürəyin yaşadığın dəhşətə necə dözdü? Dözə bilmirəm bu acıya, göz yaşlarıyla bu sətirləri yazıram, mənim günahsız körpəm. Məni bağışla, cənnət quşum, mələyim, Nərminim".
Xatırladaq ki, bazar ertəsi axşamı qızın cansız bədəni düz onun evinin qarşısına atılıb. Hüquq mühafizə orqanlarından bildirilib ki, cinayətkarlar 10 yaşlı qızı yandırıblar. Alovu qonşular görüb. Dərhal yanğını söndürüblər və qonşular öldürülmüş Nərmini tanıyıblar. Bu haqda onun valideynlərinə və polisə bildiriblər. Hələlik qətllə bağlı heç kim saxlanılmayıb. İlkin olaraq qızın öldürülməsində əmisi və əmisi oğlundan şübhələniblər.
Qızın meyitinin qalıqları tibbi ekspertiza edilməsi üçün xəstəxanaya göndərilib. İlkin versiyaya görə, qatil qurbanı alçaldıb.
Bundan öncə güman edilirdi ki, qız yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Fakt üzrə araşdırma aparılır.
Xatərladaq ki, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 21 noyabr tarixində gündüz saat 3-4 radələrində atasının gödəkçəsini əmisigildən götürüb evə qayıdarkən yoxa çıxmışdı. Əvvəlcə Nərminin kəndə gələn sarı taksi ilə qaçırıldığı da ehtimal edilirdi. Çünki Nərminin bacısının sözlərinə görə, sarı taksinin sürücüsü onu da maşına mindirmək istəyib. Lakin qız onu tanımadığından qorxub və taksiyə minməyib.
Oxşar xəbərlər
Qənirə Paşayeva: "Minlərlə analar və atalar səksəkə, narahatlıq içindədir"
"Dəhşət, böyük üzüntü və ciddi narahatlıq içindəyik". Bu sözləri deputat Qənirə Paşayeva yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin ölümünə münasibət bildirər...