Onkoloji xəstə işdən çıxarılıb - "Direktor beş aylıq maaşımı da kəsib, deyir ki, yaxşı eləmişəm"

Onkoloji xəstə işdən çıxarılıb - Direktor beş aylıq maaşımı da kəsib, deyir ki, yaxşı eləmişəm
Video
Video 43

Əslən Füzuli rayonundan olan Teyyubə İbişova onkoloji xəstə olduğu halda işdən çıxarılmasından şikayətçidir.

O, məcburi köçkün kimi uzun illər Bakıda yaşayıb və Seyid Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində nəzarətçi kimi çalışıb.

Baku TV-nin məlumatına görə, 4 il əvvəl isə Horadizdə fəaliyyət göstərən Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə nəzarətçi kimi köçürülüb.

Onun sözlərinə görə, bir müddət tanışının evində qalaraq işə gedib-gəlsə də, sonradan həm səhhətinə görə, həm də orada evi olmadığı üçün Bakıya qayıdıb.

Paytaxtdakı iş yerinə qayıdanda isə Teyyubə İbişova xəbər tutub ki, muzeyə 4-5 ay əvvəl direktor təyin olunan Nailə adlı şəxs onu işdən azad edib. Qadın deyir ki, bu proses onun xəbəri olmadan aparılıb:

"Mənə dedi, gəl Horadizdə işlə, amma bildirdim ki, 350 manat maaş alıram, kirayə evlərin qiyməti isə 400-500 manatdır. Bu maaşla necə gəlib orada kirayədə qalım? İşdən çıxarılmağımın səbəbini soruşanda isə dedi ki, yaxşı etmişəm, mən beləyəm".

Şikayətçi bundan sonra məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də müraciət etdiyini deyir. Onun sözlərinə görə, nazirlikdən ağır xəstəliyi nəzərə alınaraq işdən çıxarılmaması tapşırılıb, amma əməl olunmayıb.

Teyyubə İbişova vurğulayır ki, son 5 aylıq maaşı da ona verilməyib. 30 ildən artıq iş stajı olmasına baxmayaraq, ona çıxarılarkən cəmi 143 manat kompensasiya yazılıb.

Məsələ ilə bağlı Füzuli Tarix-Diyarşünaslıq muzeyinin direktoru Nailə Əsədli qeyd edib ki, səsləndirilən iddialar əsasızdır:

"Teyyubə İbişova uzun müddət işə gəlmədiyi və xəstəliyi ilə əlaqədar hər hansı sənəd təqdim etmədiyi üçün işdən azad edilib. Qarabağ Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, mövcud vəziyyət uzun müddət ərzində diqqətlə araşdırılıb. Məsələ ilə bağlı müvafiq aktlar tərtib edilib, əməkdaşa rəsmi xəbərdarlıqlar edilib, izahat verməsi üçün şərait yaradılıb və alternativ iş imkanları təklif olunub. Bütün bu mərhələlərdən sonra məsələ həmkarlar ittifaqı orqanlarında müzakirə edilib və nəticədə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilib. Son haqq-hesab isə qanunvericiliyə uyğun qaydada təmin edilib".

Son xəbərlər