SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətməsi barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, mayın 11-i və 12-də qarşı tərəf təxribatlarını genişləndirərək vəziyyəti daha da gərginləşdirmək məqsədilə iriçaplı silahlar, minaatanlar, daha sonra isə D-30 toplarından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları da tətbiq edilib.

Xarici nümayəndələrə Ermənistan silahlı qüvvələrinin təxribatlarını əks etdirən videogörüntülər təqdim olunub.

Nümayəndələri maraqlandıran suallar cavablandırıldıqdan sonra onlara PUA-ların qalıqları əyani nümayiş etdirilib.

BAKU.WS
VİDEO

QALEREYA