“Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi üçün sifariş ərizəsini qitənin ali futbol qurumuna təqdim edib.

BAKU.WS klubun saytına istinadla xəbər verir ki, sifariş ərizəsində 22 futbolçu, o cümlədən 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçunun adları yer alıb.

Siyahıya qapıçılardan Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva və Nicat Mehbalıyevin adları salınıb. Müdafiəçilərdən Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov və Donald Geryenin adları siyahıya daxil edilib. Yarımmüdafiəçilərdən Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılının adlarının yer aldığı siyahıda hücumçu mövqeyində təkcə Mahir Emreli qeyd olunub.

Xatırladaq ki, ağdamlılar birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaqlar. İlk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması isə iyulun 17-də Bakıda keçiriləcək.
BAKU.WS