Ötən gün gözlənilmədən vəfat edən azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədovla bağlı bəzi maraqlı faktlar üzə çıxıb.

Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb.

Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış X.Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.

Bəzi mənbələrdə onun UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı döyüşçü olduğu yazılsa da, bu, həqiqəti əks etdirmir. Belə ki, Xamis 2011-ci ildə Həbiblə qarşılaşıb və gərgin keçən görüş Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.




X.Məmmədovun 2007-ci ildə Həbib Nurməhəmmədova qalib gəlməsi barədə isə yanlışlıqlar var. Belə ki, 2007-ci ildə Həbib Nurməhəmmədova qalib gələn Xamis yox, Məhəmməd İbrahimov olub. Çeçenistanı təmsil edən M.İbrahimov H.Nurməhəmmədovu məğlub edərək, Rusiya çempionu olub. 1985-ci il təvəllüdlü M.İbrahimov Rusiya və Özbəkistan bayrağı altında vuruşur, dağıstanlıdır (Video təqdim edilir).


Xamisin məğlub etdiyi döyüşçü isə Məhəmməd Nurməhəmmədovdur. Cəmi bir neçə saniyəyə Xamis Məhəmmədi yerə sərmişdi. M.Nurməhəmmədov bu döyüşdə Ukraynanı təmsil edib və Ukrayna çempionudur (Video təqdim edilir).

Xatırladaq ki, məşhur azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov bu gün vəfat edib. Gənclər və İdman Nazirliyi onun bir müddət əvvəl qripə yoluxduğunu və bu xəstəliyin şiddələnməsi səbəbindən öldüyünü açıqlayıb.

Mənbə: Kult.az