13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Azərbaycan təmsilçisi “Qarabağ” ötən gün “Çelsi”ylə qarşılaşmanın hazırlıqlarını tamamlayıb.

BAKU.WS-in məlumatına görə, komandamızın son məşqi oyunun keçiriləcəyi “Stamford Bric” stadionunda baş tutub və yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 21:45) start götürüb. Futbolçularımız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Son hazırlıq təxminən 1 saat davam edib. 

Klubun vitse-prezidenti Tahir Gözəl də futbolçularımızı izləyib və onları Londonda yalnız buraxmayıb. Böyük həvəslə və ruh yüksəkliyi ilə məşq edən futbolçular böyük günə hazırlaşır. 


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında son vəziyyəti dəyərləndirib. 45 yaşlı mütəxəssis bildirib ki, London klubu ilk dəqiqələrdən onları müdafiədə oturtmağa cəhd edəcək: "Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa, “Çelsi”ni təmsil edir".

Q.Qurbanov "Çelsi"nin baş məşqçisi və futbolçuları haqda müsbər fikirlər səsləndirib: "Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.


"Çelsi" klubunun futbolçuları isə uzun müddətdən sonra Çempionlar Liqasına qayıtmağın sevincini yaşayır. "Qarabağ"la oyun öncəsi son məşqini edən "zadəganlar" Antonio Kontenin tapşırıqlarını icra etməyə çalışıb. Futbolçular isinmə hərəkətlərinin ardından topla məşqlərini davam edib və taktiki gedişlər üzərindən işləyib.


“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la oyunöncəsi mətbuat konfransında “Qarabağ”ın çox yaxşı komanda olduğunu bildirib: "İlk dəfə bu turnirdə iştirak edəcəklər. Onların oyunçuları haqda ətraflı məlumatım var. Çünki İtaliya millisini çalışdırarkən Azərbaycan yığması ilə qarşılaşmışdıq. Azərbaycan yığmasının heyətində “Qarabağ”ın kifayət qədər oyunçusu var. Belə matçları mən “çətin oyun” adlandırıram. İki gün əvvəl də çempionatda ağır görüş keçirmişik. “Qarabağ”la qarşılaşmadan bir neçə gün sonra da “Arsenal”la üz-üzə gələcəyik. Heyətdə dəyişikliklər olmasa, futbolçuların oynamağa taqətləri qalmaz".


Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı bu gün saat 22:45-də başlayacaq.

Şahin
BAKU.WS