SİZİN REKLAM BURADA!
055 213 76 73


Aprelin 5-7-si aralığında Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Onlardan fərqli olaraq, 4 yunan-Roma və 5 qadın güləşçi bu nailiyyətə imza ata bilməyib.Bununla Azərbaycan güləşçilərinin ümumi lisenziya sayı 8-ə yüksəlib.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev idmançıların Bakıda təşkil olunan turnirdəki çıxışlarını dəyərləndirib.

Report-un suallarını cavablandıran Olimpiya çempionu həm yarışdakı təşkilatçılıqdan danışıb, həm də olimpiada ilə bağlı hədəflərdən bəhs edib.

- Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri ürəyinizcə keçdi?
- Azərbaycanda keçirilən istənilən yarışda təşkilatçılıq hər zaman yüksək səviyyədə olur. İstər Avropa, istərsə də dünya çempionatlarında qonaqpərvərliklə seçilirik. 2015-ci ildə keçirilən Avropa Oyunlarını xatırlatmaq kifayət edər. Həmin turnirdəki təşkilatçılıqla Azərbaycan bütün dünyaya səs salmışdı. Ölkəmizdə böyük infrastruktur, olimpiya kompleksləri, əlverişli bazalar var. Hətta olimpiadaya namizədliyimizi də irəli sürmüşdük.

- Qonaqların təşkilatçılıqla bağlı təəssüratları necə oldu?
- Əlbəttə, onların hamısı razılıqlarını bildirdilər. Yaradılan şərait ürəklərincə idi. Milli Gimnastika Arenası da möhtəşəmliyi ilə yarışa xüsusi rəng qatırdı.

- İlk iki gün Azərbaycan güləşçiləri üçün uğursuz nəticələndi. Razısınız ki, yunan-Roma və qadın güləşçilər psoxoloji cəhətdən hazır deyildilər?
- Həmin komandaların baş məşqçiləri, aparıcı mütəxəssisləri var. Onlar bu barədə danışıblar. Adətən idmanda “doğma divarlar” insana kömək edir. Ancaq elə idmançılar var ki, öz meydanlarında yarışa bilmirlər. Bu məsələni mütəxəssislər araşdıracaqlar. Hər iki komandadan gözləntilər böyük idi. Təəssüf ki, alınmadı. Ancaq bu hələ son deyil.

- Xüsusən də Mariya Stadnikin sona 10 saniyə qalmış qələbəni əldən verməsi hamını şoka saldı. Bunu arxayınlıqla əlaqələndirmək olar?
- Stadnik dörd Olimpiya Oyunlarının mükafatçısıdır. Rio-2016-nın finalında Yaponiya güləşçisi ilə görüşdə sona 3-4 saniyə qalmış qələbəni əldən vermişdi. Analoji hal burada da baş verdi. İdmanda arxayınlıq ola bilər. Stadnik bu yaxınlarda keçirilən Avropa çempionatında Ukrayna güləşçisinə qalib gəlmişdi. Bir-birilərini tanıyırdılar. Yarışın Azərbaycanda keçirilməsi, görüşün gedişində hesabda öndə olması müəyyən arxayınlığa yol aça bilər.

- Sosial şəbəkələrdə rəqibin ukraynalı olması xüsusi qabardıldı. Stadnik özü məğlubiyyətə nəyi səbəb göstərdi?
- Stadnikin güləş üslubuna və xarakterinə hamımız bələdik. Buna əl atacağına qətiyyən inanmıram. Azərbaycanda Mariyaya xüsusi rəğbət, sevgi var. Onqat Avropa, ikiqat dünya çempionu olub, olimpiadalarda iki dəfə gümüş, iki dəfə bürünc medal qazanıb. Stadnik mübariz keyfiyyətli idmançıdır, heç vaxt buna getməz.

- Gələk sərbəst güləşçilərə. Uğursuz ilk iki gündən sonra 5 güləşçinin hamısının lisenziya qazanması sanki bir az gözlənilməz oldu...
- Xetaq Qazyumov hələ dünya çempionatına gedəndə demişdi ki, 6 lisenziya hədəfləmişik. Dünya çempionatına isə planetin ən güclüləri, favoritləri gəlirlər. Bəzi güləşçilərimiz orada qələbəni adi epizodlarda əldən verdilər. Əlbəttə ki, Bakıdakı turnirdən gözləntilər böyük idi. Heyətdə bir neçə gənc idmançı da var. Hacı Əliyev isə komandanın lideridir, uzun illərdir Avropa və dünya çempionatlarında qazandığı mükafatlarla bütün dünyaya səs salıb. Hazırkı heyətdə yer alanlar ötən il və bu il keçirilən Avropa çempionatında uğurlu çıxış etmişdilər. Avropa Olimpiya Təsnifat turnirinə kifayət qədər güclü idmançılar gəlmişdilər. Əsas çətinlik yarımfinal görüşlərində oldu. Güləşdə isə hər saniyə dəyişiklik olur. Bakıda beş lisenziya qazandıq, birini də öncədən əldə etmişdik. Onların İstanbulda təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə getmələrinə ehtiyac qalmadı. Bu da böyük uğurdur. Sərbəst güləşçilərimiz artıq olimpiadaya rahat hazırlaşa biləcəklər. Bunun üçün üç aya qədər vaxtları olacaq.

- Hacı Əliyev zədə səbəbindən uzun müddətdir məşq etmədiyini bildirdi. Onun olimpiadalarda gümüş və bürünc medalı var. Son cəhdində “qızıl” qazanmaq şansını necə qiymətləndirirsiniz?
- Bu, idmançının daxilindən gəlir. Tokiodakı olimpiadaya gedəndə də Hacının zədələri var idi, gözündən əməliyyat olunmuşdu. Həkimlər yükləməyə icazə vermirdilər. Təlim-məşq toplanışlarına həkimlərin razılığı ilə aparırdıq. Yenə formaya düşmək ərəfəsində zədələndi. Özü də tam gücünü ortaya qoya bilmədiyini etiraf etdi. Bundan sonra bərpa prosesi ilə məşğul olacaq. Olimpiadalarda bürünc və gümüş medal qazanıb, növbədə “qızıl”dır. Hacı Olimpiya çempionluğuna layiqdir.

- Nədənsə, “klassiklər” qeyri-olimpiya çəkilərində daha uğurlu olurlar. Bunun səbəbi olimpiya çəkilərində daha güclü rəqiblərin olmasıdır?
- Hər çəkinin favoritləri var. Olimpiya çəkilərində çox güclü rəqabət yaşanır. Dünya və Avropa çempionatlarında qeyri-olimpiya çəkilərində idmançı sayı az ola bilər. Olimpiya Oyunları ilə dünya çempionatına hazırlıq fərqli olur. Qeyri-olimpiya çəkiləri hər kəsə bəllidir, orada yarışan güləşçilər də həmin çəkilərdəki turnirlərə köklənirlər. Əsas odur ki, bu çəkilərdə də dünya və Avropa çempionu ola bilirsən, bayrağımız dalğalanır, himnimiz səslənir.

- Yunan-Roma və qadın güləşçilərin olimpiadaya lisenziya qazanmaq üçün bir şansları qalıb. İstanbulda gerçəkləşəcək Dünya Olimpiya Təsnifat turnirində bunu bacarmaq daha çətin olmayacaq?
- İstanbuldakı yarış fərqli olacaq. Bakıda finalçılar lisenziya qazanırdılarsa, orada hər çəkidə üç nəfərin belə imkanı olacaq. Məşqçilər korpusu və rəhbərlik araşdırma aparacaqlar, müəyyən boşluqlar varsa, onları aradan qaldırmağa çalışacaqlar.

- Hələ ki, 6 sərbəst, 2 yunan-Roma güləşçisi olimpiadaya lisenziya qazanıb. Parisə neçə güləşçi ilə getməyi hədəfləyirsiniz?
- Ümumilikdə 16 lisenziyamız var. Sevindirici haldır ki, onun 8-i güləşçilərin hesabındadır. Olimpiadaya nə qədər çox lisenziya əldə etsək, orada medal qazanmaq şansımız da bir o qədər artar. Bütün idmançılar Olimpiya Oyunlarına mükafatçılar sırasına düşmək üçün yollanırlar. Proqnoz vermək istəmirəm. Amma istərdim ki, yunan-Roma güləşçilərimiz daha 4 lisenziya qazansınlar. Qadınlarımız isə 5 çəkidə lisenziya qazanmağa çalışırlar. İdmançılar, məşqçilər əziyyət çəkirlər. Onların bu əziyyətlərinin hədər getməməsini arzulayırıq. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar idmançıları bu yolda dəstəkləyirlər. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana diqqət və qayğısı var. Olimpiada dörd ildən bir keçirilir. Buna görə də hamı Parisə daha çox idmançı ilə yollanmağımızı və orada çox sayda medal qazanmağımızı arzulayır. Olimpiadaya yollanan bütün idmançıların medal qazanmaq şansı olur. Düzdür, sıralamada qızıl medal əsas götürülür. Ancaq orada fəxri kürsüyə çıxmaq ölkənin uğurudur. Olimpiya Oyunlarında qazanılan gümüş və bürünc medal da idmançılar üçün böyük nailiyyətdir. Çünki bu, tarixə düşür. Ən əsası odur ki, bayrağımız yüksəklərə qalxsın, himnimiz səslənsin.

- Sonda hazırkı güləşçilərdən hansını öz üslubunuza yaxın hesab edirsiz və layiqli davamçınız ola biləcəyini düşünürsünüz?
- Əslində kimə oxşamaq, kimin uğurlarına çatmaq istədiklərini idmançılardan soruşmaq daha yaxşı olardı. Biz həmişə Olimpiya çempionlarının çox olmasını arzulamışıq. Başqa ölkələrə həsədlə baxırıq ki, onların nə qədər Olimpiya çempionları var. Nə qədər çox olsa, ölkənin adını ucaldır. Hər bir idmançının özünəməxsus üslubunun olmasını istərdim. Davamçım kimi bütün güləşçilərimizin Olimpiya çempionu olmalarını arzulayıram.

BAKU.WS