Tələbələrə veriləcək yeni təqaüdün qaydası müəyyənləşdi

Tələbələrə veriləcək yeni təqaüdün qaydası müəyyənləşdi
Foto
Sosial 806

Fərman Salmanov adına təqaüdün verilməsi qaydaları təsdiq olunub.

BAKU.WS xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Fərman Salmanov adına təqaüd”ün verilməsi qaydaları aşağıdakı kimidir:

  1. Ümumi müddəalar

1.1. Bu Qayda “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli 1318 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (bundan sonra – ADNSU) təhsil alan tələbələrə “Fərman Salmanov adına təqaüd”ün (bundan sonra – təqaüd) verilməsi qaydasını müəyyən edir.

1.2. Təqaüd ADNSU-da təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilir.

1.3. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər təqaüd almaq hüququna malikdirlər.

  1. Təqaüdün məbləği və ödənilməsi mənbəyi

2.1. Təqaüd 2 (iki) nəfər tələbə üçün hər birinə “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamı ilə müəyyən edilmiş adlı təqaüd məbləğində ödənilir.

2.2. Təqaüd bir tədris ili müddətinə təyin edilir.

2.3. Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

2.4. Təqaüdün təyin olunması təqaüdçünün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir.

  1. Tələbələrin müsabiqədə iştirakına dair şərtlər

3.1. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər.

3.2. Müsabiqədə iştiraka aşağıdakı meyarlara cavab verən tələbələr buraxılırlar:

3.2.1. ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplayan;

3.2.2. son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 olan;

3.2.3. ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan.

3.3. Müsabiqədə iştirak üçün ərizəyə tələbənin bu Qaydanın

3.2-ci bəndində göstərilən meyarlara uyğunluğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.

  1. Müsabiqənin keçirilməsi

4.1. Müsabiqə ADNSU-nun rektorunun əmri ilə yaradılmış ekspert komissiyası tərəfindən keçirilir.

4.2. Ekspert komissiyasının fəaliyyətinin təmin edilməsi və bu Qaydaya uyğun cari məsələlərin həlli ADNSU-nun fakültə dekanlıqları (bundan sonra – dekanlıq) və tədris işləri üzrə rəhbərliyi tərəfindən həyata keçirilir.

4.3. Müsabiqənin keçirilməsi üzrə dekanlığın funksiyalarına aşağıdakılar daxildir:

4.3.1. tələbələrin müsabiqənin keçirilməsi müddəti və şərtləri barədə məlumatlandırılması;

4.3.2. tələbələr tərəfindən təqdim olunan sənədlərin toplanılması və ilkin ekspertizası;

4.3.3. təqaüdün namizədlərinin sənədlərinin ADNSU-nun tədris işləri üzrə rəhbərliyinə təqdim olunması.

4.4. Bu Qaydanın həyata keçirilməsi üçün ADNSU-nun tədris işləri üzrə rəhbərliyinin funksiyalarına aşağıdakılar daxildir:

4.4.1. ekspert komissiyasının iclası üçün sənədlərin hazırlanması;

4.4.2. ekspert komissiyasının iclasının yekunları barədə qərar layihəsinin hazırlanması;

4.4.3. müsabiqənin nəticələri barədə məlumatların ADNSU-nun rəsmi saytında yerləşdirilməsinin təmin edilməsi.

4.5. Sənədlərin təqdim edilməsi müddəti:

4.5.1. dekanlığa 20 sentyabradək;

4.5.2. ADNSU-nun tədris işləri üzrə rəhbərliyinə 23 sentyabradək;

4.5.3. ekspert komissiyasına 30 sentyabradək.

4.6. Ekspert komissiyası təqaüdə namizədlərin sənədlərinə baxır və müsabiqənin qalibləri barədə qərar qəbul edir.

4.7. Üç və daha artıq sayda namizədin göstəriciləri eyni olduqda, onların təhsil aldıqları ixtisasın tədris planında ixtisas-peşə hazırlığı fənləri blokuna daxil olan fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəriciləri daha yüksək olan namizədlər müsabiqənin qalibləri elan olunurlar.

4.8. Ekspert komissiyasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

4.9. Qaliblərin müəyyən edilməsi barədə ekspert komissiyasının qərarı onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

4.10. Qərar qəbul edilərkən səslər bərabər olarsa, ekspert komissiyasının sədrinin səsi həlledici hesab edilir.

4.11. Təqaüdün qaliblərinin müəyyən edilməsi barədə ekspert komissiyasının qərarı protokolla rəsmiləşdirilir və ADNSU-nun rektoru tərəfindən əmrlə təsdiq olunur.

  1. Təqaüdün ödənilməsi və ödənişin dayandırılmasının əsasları

5.1. Təqaüd tədris ili ərzində ayda bir dəfə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

5.2. Təqaüdün ödənişi aşağıdakı hallarda dayandırılır:

5.2.1. tələbə təqaüddən imtina etdikdə;

5.2.2. təqaüdün verildiyi müddətdə tələbənin akademik borcu yarandıqda və (və ya) orta müvəffəqiyyət göstəricisi 91-dən aşağı olduqda;

5.2.3. tələbə digər ali təhsil müəssisəsinə köçürüldükdə;

5.2.4. tələbə ixtisasını dəyişdikdə;

5.2.5. tələbə akademik məzuniyyət götürdükdə;

5.2.6. tələbə ADNSU-dan xaric olunduqda;

5.2.7. tələbə tərəfindən ADNSU-nun daxili nizam-intizam qaydaları mütəmadi pozulduqda.

5.3. Ödənişin dayandırılması ADNSU-nun rektorunun əmri ilə rəsmiləşdirilir.

5.4. Bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq təqaüdün ödənişi dayandırıldıqda, həmin təqaüd ekspert komissiyasının qərarına əsasən bu Qaydanın tələblərinə cavab verən digər tələbəyə verilə bilər. Bu zaman müraciətləri ekspert komissiyasında araşdırılmış, lakin müsabiqəni keçə bilməyən tələbələrə üstünlük verilir.

Son xəbərlər