Saxta məhsulu orijinaldan ayırmağın YOLLARI

Saxta məhsulu orijinaldan ayırmağın YOLLARI
Sosial 37

Eyni məhsulun internet platformalarında qiyməti ciddi fərqlənə bilər və səliqəli hazırlanmış məhsul səhifəsinin arxasında bəzən saxta məhsul gizlənir.

BAKU.WS xəbər verir ki, saxta məhsulu almamışdan əvvəl və sonra necə müəyyən etməyi yollarını marketoloq Aleksandr Suxanov izah edib.

Ekspertin sözlərinə görə, ilk diqqət yetirilməli məqam satıcıdır. Məhsul birbaşa onlayn fomada, brendin özü tərəfindən və ya üçüncü tərəf satıcı tərəfindən satıla bilər. Ən etibarlı variant istehsalçının rəsmi saytıdır. Onlayn yolla alış edərkən isə "orijinal" qeydini axtarmaq və brendin saytındakı rəsmi tərəfdaşlar siyahısı ilə müqayisə aparmaq tövsiyə olunur.

Risk faktorlarından biri də çatdırılma coğrafiyasıdır. Saxta məhsullara daha çox xaricdən sifariş zamanı rast gəlinir, hətta məhsul səhifəsi etibarlı görünsə belə. Satıcı məhsulun xaricdən göndəriləcəyini bildirirsə, satış şərtlərini və məhsulun mənşəyini daha diqqətlə yoxlamaq lazımdır.

Digər mühüm göstərici isə qiymətdir. Eyni model üzrə digər satıcılarla müqayisədə xeyli ucuz qiymət şübhə doğurmalıdır. Bu, təkcə endirim deyil, həm də saxta məhsul və ya rəsmi zəmanətin olmaması anlamına gələ bilər. Məhsul səhifəsinin vizual görünüşünə tam etibar etmək düzgün deyil, çünki fərqli satıcılar çox vaxt eyni foto və təsvirlərdən istifadə edirlər.

Məhsulu aldıqdan sonra nələrə baxmaq lazımdır?

Sifariş qəbul edildikdən sonra qablaşdırma və komplektasiya diqqətlə yoxlanmalıdır. Orijinal texnika adətən rəsmi təlimat kitabçası və əlavə sənədlərlə təqdim olunur. Sadə və keyfiyyətsiz qablaşdırma və ya adi elementlərin olmaması xəbərdarlıq siqnalıdır.

Əsas göstəricilərdən biri də markalanmadır. Orijinal cihazlarda seriya nömrəsi və ya zəmanətlə əlaqələndirilən identifikasiya kodu olur. Nömrə yoxdursa, zədəlidirsə və ya şübhə doğurursa, məhsulun mənşəyi sual altındadır.

İlk işə salınma zamanı da saxtalığı göstərən əlamətlər ola bilər: gec açılma, öz-özünə sönmə, düymələrin qeyri-sabit işləməsi və ya sürətli qızma. Kəskin qoxu, xışıltı və ya uğultu da şübhə yaratmalıdır.

Məsələn:

Çaydanlarda – suyun qeyri-bərabər qaynaması,

Buxarlayıcılarda – zəif və ya fasiləli buxar,

Mühərrikli cihazlarda – güclü vibrasiya və sürtünmə səsi saxtalığın əlaməti ola bilər.

Saxta məhsulların təhlükəsi

Kontrafakt məhsullar çox vaxt sertifikasiyadan keçmir və təhlükəli ola bilər. İstehsalçılar materiallara və qoruyucu mexanizmlərə qənaət etdiyindən, bu, qızma, qısaqapanma və yanğın riskini artırır. Mətbəx texnikasında isə ucuz materiallar qızdırılma zamanı zərərli maddələr ifraz edə bilər.

Ən çox saxtalaşdırılan məhsullar kompakt və sadə cihazlardır: çaydanlar, vafli aparatları, buxarlayıcılar. Böyük və mürəkkəb qurğuların saxtası isə baha başa gəldiyi və istehsalı çətin olduğu üçün nadir hallarda hazırlanır.

Şübhə yarandıqda ekspert satıcı ilə əlaqə saxlamağı, qəbzi və məhsul səhifəsini saxlamağı, cihazın vəziyyətini sənədləşdirməyi tövsiyə edir. Saxta məhsul alma riskini tam aradan qaldırmaq mümkün olmasa da, satıcıya, qiymətə, zəmanətə və detallara diqqət yetirməklə bu riski əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Son xəbərlər