Qubada altı kəndi birləşdirən yolda təhlükə: "Sürüşmə davam edir"
Quba-Tüləkəran avtomobil yolunun 4-cü kilometrliyində baş verən torpaq sürüşməsindən təxminən iki ay keçsə də, problem tam həllini tapmayıb.
Baku TV-nin məlumatına görə, iyunun 16-da baş verən sürüşmə nəticəsində yolun asfalt örtüyü yararsız vəziyyətə düşüb, 6 kəndin nəqliyyat əlaqəsi çətinləşib.
Hərəkətin təmin olunması məqsədilə sürüşmə zonasından kənarda təxminən 3 kilometrlik müvəqqəti alternativ yol salınıb. Lakin hazırda həmin yol da sürücülər üçün ciddi çətinliklər yaradır. Sürücülər yolun avtomobillərə ziyan vurduğunu, bəzi hallarda nəqliyyat vasitələrinin çay yatağında qaldığını deyirlər.
"Yolun bir hissəsi təxminən 10 metrə yaxın çöküb. Təkcə bura deyil, yolda belə yerlər çoxdur. Sürüşmə davam edir. Yol təmir edilməsə, vəziyyət daha da pisləşəcək", - deyə şikayətçi Bünyad Həsənov narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Quba-Tüləkəran avtomobil yolunun keçdiyi ərazidə geniş sahəni əhatə edən torpaq sürüşməsi nəticəsində yolda çökmə qeydə alınıb. Hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə sürüşmə sahəsindən kənarda, təxminən 3 kilometr uzunluğunda müvəqqəti alternativ yol salınaraq istifadəyə verilib.
Qurumun məlumatına görə, əsas yolun dayanıqlı və təhlükəsiz şəkildə bərpası məqsədilə əraziyə baxış keçirilib, müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda sürüşmə zonasının xüsusiyyətləri nəzərə alınmaqla layihə sənədlərinin hazırlanması istiqamətində işlər aparılır. Layihə təsdiqləndikdən sonra ərazidə bərpa işlərinə başlanılacağı bildirilib.
Oxşar xəbərlər
Şəhid anası 21 ildir mənzil növbəsində olduğunu deyir: "105 ailəyə ev verildi, mənə yox"
Şəhid anası Nəsibə Nəciyeva ev növbəsində durmasına baxmayaraq, mənzillə təmin olunmadığını iddia edib. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xətti...