"Mənə qismət olmayan şəhidlik zirvəsinə oğlum yüksəldi" - VİDEO
İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olan vətənin igid övladlarından biri də İsmayıllı rayonunun Balik kənd sakini Xəyyam Daşdəmirovdur.
Baku TV vətən uğrunda canını fəda edən qəhrəmanımızın doğulduğu Balik kəndindəki evinə yollanıb.
Şəhid Xəyyam Daşdəmirov 3 ay öncə hərbi xidmətə yola düşmüşdü. “Mən hərbi xidmətə yola düşəcəyəm, Vətən məni gözləyir” deyərək sevincini ilk dəfə atası ilə bölüşmüşdü qəhrəmanımız.
Onun cəsurluğu, vətənə olan sevgisi ailədən qaynaqlanır. Hələ Birinci Qarabağ müharibəsi dövründə şəhidimizin atası Məhəmməd Daşdəmirov qızğın döyüşlərin iştirakçısı olub. “Mənə şəhidlik qismət olmadı, bu zirvəyə övladım Xəyyam yüksəldi” deyir şəhid atası...
Bəli, bu gün öz qanı, canı bahasına vətənin müdafiəsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Xəyyam öz cəsurluğu ilə düşmənə meydan oxuyaraq şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.
Anası onun uşaqlıqdan bəri Vətənə bağlı böyüdüyünü deyir. Məktəb illərində qazandığı uğurlar, idman sahəsində əldə etdiyi nailiyyətləri onun cəsurluğundan xəbər verirdi. Hərbi xidmətə yola düşəndə dinlədiyi “Ana, mən şəhid oldum” musiqisi isə şəhid anasının ürəyinə qürurlu bir xal salmışdı.
Babası Şükür kişi isə Xəyyamın şəhidlik xəbərini almazdan bir həftə öncə ona göndərdiyi pulu xərcləməyin qismət olmadığını deyir. Amma qürurlu baba “təki vətən sağ olsun” deyərək ağrı-acısını ürəyində yaşayır.
Hər iki nənə üçün nəvə övladdan belə əzizdir. Onlar Xəyyamı körpəliyində qucaqlarında böyütmüşdülər. Hələ nənələrin arzuları da var idi. Nənələri Xəyyamı ağ örpəkdə yox, bəylik geyimində görmək istəyirdilər. Ancaq vətən sevgisi Vağzalı sədalarını vətənin harayına səsləyən marşlarla əvəzləndi Daşdəmirovların ocağında.
Dövlətin qayğısı isə hər zaman şəhid ailələrinin üzərindədir.
Bu gün Xəyyam tək Daşdəmirovlar ailəsinin deyil, bütün Azərbaycanın qəhrəman övladına çevrilib. Onun məzarına hər gün yüzlərlə insan baş çəkir, qəbrini ehtiramla ziyarət edirlər.
Biz də igid övladımızı, vətən uğrunda canını qurban verən qəhrəmanımızı ziyarət üçün dəfn oldunduğu Balik kənd qəbiristanlığına üz tutduq.
Torpaq uğrunda ölən varsa, Vətəndir. Şəhidlərimiz torpağın altına yox, onları sevən milyonların qəlbinə köçür. Allah bütün şəhidlərimizə rəhmət etsin...
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...